Press "Enter" to skip to content

“Qarabağda dağıdılmış abidələrimiz” adlı əl işləri müsabiqəsi

Bayraqdar.info – F.Köçərli ad. Respublika Uşaq Kitabxanası yeniyetmələr arasında daha bir müsabiqəyə başlayıb. Məktəblilərin yay tətili zamanı asudə vaxtlarının səmərəli və faydalı keçirmələri baxımından bu müsabiqələrə qatılmaları olduqca əhəmiyyətlidir.

Kitabxanadan bayraqdar.info-ya verilən xəbərə görə, 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Qarabağda dağıdılmış abidələrimiz” adlı 10-15 yaşlı məktəblilər arasında ümum-Respublika əl işləri müsabiqəsi elan edilib. Müsabiqənin keçirilməsində məqsəd Qarabağın tarix və mədəniyyət abidələri haqqında məlumatları uşaq və yeniyetmələr arasında daha geniş təbliğ etməkdir.

Həmçinin, digər məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.

Müsabiqənin şərtlərinə əsasən, məktəblilər Qarabağın dağıdılmış tarix və mədəniyyət abidələrinin əks etdirən əl işləri təqdim etməlidirlər.

Xəbərdə bildirilir ki, əl işlərinin hazırlanmasında müxtəlif materiallardan (gil, papyemaşe, karton, taxta, şüşə və s.) istifadə oluna bilər.

Təqdim olunan əl işləri haqqında qısa məlumat (hansı rayonda yerləşir, işğal olunduğu və işğaldan azad edildiyi tarix və s.) verilməlidir.

Müsabiqədə iştirak etmək istəyən yeniyetmələr hazır əl işlərini iyulun 5-dən oktyabrın 15-dək Kitabxananın Kütləvi işlər şöbəsinə təhvil verməlidirlər.

İştirakçılar əl işləri ilə yanaşı özləri haqqında ətraflı məlumat (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-poçt və s.) təqdim etməlidirlər.

Yekun olaraq noyabrın 5-də əl işlərindən ibarət sərgi təşkil olunacaq.

Mission News Theme by Compete Themes.