Son yeniləmə: 6 İyul 2021 13:40
Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə, bu sahədə Azərbaycan təcrübəsinin təbliği məsələsinə xüsusi önəm verir.
2020-ci ilin əvvəlindən hazırkı dövrə qədər dünyada yayılan COVID-19 infeksiyası ilə əlaqədar əksər beynəlxalq tədbirlər və təcrübə mübadiləsi onlayn rejimdə həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya DİM-dən bildirilib.
“DİM Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı, Qazaxıstanın Dövlət Qulluğu üzrə Regional Hab və digər proqramlar çərçivəsində xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı davam etdirib. Beynəlxalq fəaliyyətlər arasında Aİ ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın dövlət qulluğu sistemində səriştə modelinin işlənib hazırlanması və tətbiqi istiqamətində xeyli işlər görülüb. SIGMA proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə 40-a yaxın dövlət qurumunun nümayəndəsi iştirak edib. Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin iştirakçı qurumları olaraq ƏƏSMN, ASAN, NRYTN, AQTA və Bakı Apellyasiya Məhkəməsi seçilib. Hazırda bu istiqamətdə fəaliyyətlər davam edir”, – deyə xəbərdə qeyd edilir.