Press "Enter" to skip to content

“AzerGold” QSC-də ölkənin tanınmış geoloqları ilə görüş

Son yeniləmə: 6 İyul 2021 15:53

Bayraqdar.info – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla görüş keçirilib.

Məlumat bayraqdar.info-ya “AzerGold” QSC-dən verilib.

Məlumatda qeyd edilib ki, Cəmiyyətin fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf edən görüş öncəsi “AzerGold”un kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyub. Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb. Şəhidlər xiyabanında isə xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.

Görüşdə “AzerGold” QSC-nin sədri Zakir İbrahimov dağ-mədən sənayesinin hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas fəaliyyət sahələrindən biri olduğunu qeyd edib.

Tədbirdə “Çovdar” qızıl, “Filizçay” polimetal yataqlarının kəşfinə və tədqiq edilməsinə töhfə vermiş görkəmli geoloqlar – Şahbəddin Musayev, Müzahim Piriyev, Ələkbər Əhmədov və digərləri iştirak edib. “AzərGold” rəhbərliyi geoloqlara minnətdarlıq bildirilib.

Həmçinin, digər yataqların kəşfi və tədqiqində böyük xidmətləri olmuş mərhum geoloqlarımız hörmətlə xatırlanıb.

Görüşdə “Filizçay” yatağının tədqiqində əvəzsiz xidmətləri olmuş dəyərli alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, mərhum Tofiq Abdulla oğlu Həsənov ehtiramla yad edilib.

Z.İbrahimov “Filizçay” yatağında yayılan filiz daşıyıcı süxurların və filizləşmənin dəqiq yaşının ilk dəfə məhz T.Həsənov tərəfindən müəyyən edilməsinin həmin regionda yerləşən digər yataqların tədqiqi üçün də böyük imkanlar yaratdığını diqqətə çatdırıb. O, bu gün böyük fəxr hissi ilə adları çəkilən qocaman alimlərin başlatdığı uğurlu yolun onların davamçıları, yeni geoloq nəsli tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Məlumatda bildirilir ki, sədr həmçinin dövlət şirkətinin 5 ildə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

O, 2016-cı ildə fəaliyyətə cəmi bir – “Çovdar” qızıl mədəninin istismarından başlayan Cəmiyyətin hazırda 2 mədəndə hasilat işləri apardığını qeyd edib.

“Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub. Ümumilikdə, Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupu, “Köhnəmədən” sahəsi, Naxçıvandakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir. Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır”, – deyə Z.İbrahimov vurğulayıb.

O, tək bir mədənin – Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədəninin istismarı nəticəsində bu günədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edildiyini qeyd edib. Bunun uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğunu bildirən sədr əyani nümunə kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını vurğulayıb.

Z.İbrahimov “AzerGold”un bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında da məlumat verib.

Görüşdə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “AzerGold”un 5 il ərzində geoloji kəşfiyyat və hasilatın səmərəliliyinin artırılması istiqamətində gördüyü işlərdən danışıb.

Daha sonra “AzerGold” QSC Geologiya şöbəsinin müdiri Şahbəddin Musayev, Zaqatala-Balakən filiz rayonunda aşkarlanmış “Qələbə” polimetal filizləri təzahürünün ilk kəşfçilərindən biri, tanınmış geoloq Ağamahmud Səmədov və digər qocaman geoloqlar çıxış ediblər. Müzakirə formatında keçirilən görüşdə şirkətin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Azərbaycanın dağ-mədən sənayesinin hazırki vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda “AzerGold” QSC-nin 5 illik yubileyi münasibətilə bu illər ərzində Səhmdar Cəmiyyətlə fəal əməkdaşlığına görə qocaman geoloqlara təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Mission News Theme by Compete Themes.