Bayraqdar.info – Serbiya Respublikası əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. İyulun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində serbiyalı qonaqlarla görüş olub.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Görüşdə Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Azərbaycan-Serbiya əlaqələrinin strateji xarakter daşıdığını bildirib.
Nazir iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını vurğulayıb. O, 2013-cü ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əlaqələrin inkişafına imkan yaratdığını deyib.
S.Babayev ticari və iqtisadi əməkdaşlığın yüksələn xətlə davam etdiyini bildirib. O, həmçinin, ticarət dövriyyəsində ildən-ilə artımın olduğunu, 2021-ci ilin yanvar-may aylarında da bu artımın 55,39 faiz təşkil etdiyini qeyd edib.
Azərbaycanın sosial müdafiə sistemindən bəhs edən S.Babayev ölkədə sosial ödənişlərin artırılması, aktiv məşğulluq və sosial müdafiə proqramlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, dövlət sosial xidmətlərinin innovativ yeniliklərin tətbiqi üzərində keyfiyyətinin yüksəldilməsi, proaktiv xidmətlərin qurulması istiqamətində əldə olunan nailiyyətləri qeyd edib. Nazir pandemiya dövründə ölkədə reallaşdırılan iqtisadi və sosial dəstək tədbirlərini diqqətə çatdırıb.
Nazir Serbiya ilə əmək, məşğulluq, sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələri üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd edilib ki, artıq bu sahədə qarşılıqlı fayda verəcək əməkdaşlıq sənədlərinin layihələri hazırlanır.
D.K.Tepavçeviç Serbiyanın Azərbaycana olan dost münasibətini, ölkələr arasında əlaqələrin strateji səviyyədə olmasının məmnunluq doğurduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verdiyini, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirib.
D.K.Tepavçeviç əmək, məşğulluq və sosial müdafiə sahəsində iktərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını deyib.
Görüşdə Serbiyanın sosial sahədə islahatlar təcrübəsi barədə məlumat verilib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”inin layihələri müzakirə olunub.
Həmçinin hərbi əməliyyatlar zamanı xəsarət almış şəxslərin, xüsusi qayğıya ehtiyac duyan uşaqların reabilitasiyası sahələrində görülən işlərə dair qarşılıqlı məlumat mübadiləsi olub.
Görüşün yekunu olaraq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Sonra brifinq keçirilib. Nazirlər imzalanan sənədin Azərbaycanla Serbiya arasında əlaqələrin artıq əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməklə daim genişlənməsinin növbəti bariz ifadəsi olduğunu vurğulayıblar. Bunun qarşılıqlı faydalı əməkdaşlıq, uğurlu təcrübə mübadilələri üçün əsas yaratdığı bildirilib.