Son yeniləmə: 6 İyul 2021 16:15
Bayraqdar.info – UEFA Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş dörd oyununun yüksək səviyyədə təşkil olunmasına görə AFFA-ya təşəkkür məktubu ünvanlayıb.
Bayraqdar.info AFFA-ya istinadla xəbər verir ki, UEFA-nın baş direktoru Martin Kallenin imzası ilə göndərilmiş məktubda qeyd olunub: “Bakıda keçirilən dörd oyunun yüksək səviyyədə təşkilinə görə sizi təbrik edirik. Bu, inanılmaz bir uğurdur. Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. Avro-2020 layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların vahid komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz”.
Bakıda keçirilmiş oyunların birində iştirak etdiyini məktubda məmnunluqla vurğulayan M.Kallen qeyd edib: “Mən Bakıda keçirilmiş bir oyunda iştirak etmək şərəfinə nail oldum və işçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, Avro-2020 oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü”.
M.Kallen daha sonra məktubda bildirib ki, bu müddət ərzində birlikdə çalışdıqdan sonra AFFA UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrilib. O, həm UEFA, həm də öz adından xoş arzularını çatdırıb.