Press "Enter" to skip to content

Xəzər dənizindəki qorxunc hadisənin səbəbi bəlli oldu – VİDEO

Son yeniləmə: 5 İyul 2021 11:29

Bayraqdar.info – Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün axşam saatlarında Xəzər dənizində baş verən hadisə ilə bağlı məlumat yayıb.

FHN-dən bayraqdar.info-ya daxil olan məlumatda bildirilib ki, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb.

FHN-dən bildirilib ki, iyulun 5-də səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən təqribən 30 kilometr məsafədə Daşlı adasında ilkin müşahidələrə əsasən palçıq vulkanının püskürməsi faktı aşkarlanıb. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur.

FHN qeyd edir ki, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.

Bayraqdar.info: Qeyd edək ki, ötən gecə sosial media bu məsələylə bağlı cürbəcür iddialarla dolub daşırdı. Hətta insan tələfatı olduğu, neft platformalarından birinin partladığı, yaxud da qapadılmış yataqlardan birində bu hadisənin baş verdiyi iddia edilirdi.

Müxtəlif dövlət qurumları bütün bu deyilənləri rədd etsə də ağlabatan açıqlama verməməklə şayiələrin daha da geniş yayılmasına rəvac verirdi.

Bu hadisə nəticəsində bir daha bəlli oldu ki, Azərbaycanın müvafiq dövlət qurumları belə hadisələr zamanı informasiya siyasətini düzgün qura bilmir.

Yalnız inkar və rədd etməklə, şayiələri yalanlamaqla informasiya siyasəti aparılmaz. Hadisə baş verən yer görüntülərdə açıq-aydın idi və adicə havadan müşahidə aparmaqla nə baş verdiyini, harada olduğunu izah etmək olardı. Lakin göründüyü kimi, FHN helikopteri yalnız səhər saat 5 radələrində hadisə yerinə uçuş keçirib. Gecdir, olduqca gec. Daha çevik tərpənmək lazım idi…

Redaktə və əlavə: Azər Həsrət

Mission News Theme by Compete Themes.