Press "Enter" to skip to content

Tarixi eksponatlar: Bərpa edilmiş “Monqol” xələti Tarix Muzeyində saxlanılır

Son yeniləmə: 5 İyul 2021 12:46

Bayraqdar.info – Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında tarixi ədəbiyyatda şərti olaraq “monqol” dövrü adlanan dövrə aid Azərbaycan şəhərlərindən gətirilmiş tarixi əşyalar saxlanılır. Bu əşyalar əsasən Təbriz, Bakı, Bərdə, Beyləqan, Ərdəbil, Gəncə, Naxçıvan, Marağa, Qəbələ, Şamaxı və başqa şəhərlərdən gətirilib.

Azərbaycanın zərbxanalarında kəsilən, üzərində atlı təsviri, türkcə və ərəb-uyğur qrafikası ilə yazılar həkk olunan gümüş dirhəmlər, müxtəlif silah növləri, döyüş ləvazimatı, məişət əşyaları və s. Muzeydə saxlanılır.

Tarix Muzeyindən bayraqdar.info-ya bildirilib ki, 1946-1953-cü illərdə arxeoloq Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevir ərazisində geniş miqyaslı arxeoloji qazıntı aparılıb. Nəticədə XIII-XIV əsrlərə aid döyüşçü qəbirindən tapılmış maddi mədəniyyət nümunələri – vəkalət nişanı olan dəmir payza, dəmir nizə, ox ucları, bıçaq, parça, paltar qalıqları və s. nəzəri xüsusilə cəlb edir.

Həmin geyim qalıqları keçən əsrin 50-ci illərində Sankt-Peterburqdakı Dövlət Ermitajının laboratoriyasında bərpa edilib, bu parça qalıqlarının iki ipək xələtin hissələri olduğu müəyyən olunub.

Xüsusi astar parçasının üzərinə tikilmiş bu xələtlər Muzeyin daimi ekspozisiyasında nümayış olunan maraqlı və qiymətli nümunələrdir. Mütəxəssislərin rəyinə görə, yerli dərzinin tikdiyi bu libasın biçimi həm monqol, həm də yerli biçim elementlərini özündə birləşdirib.

Mission News Theme by Compete Themes.