Son yeniləmə: 5 İyul 2021 18:40
Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samurıq-Qazına” SC İdarə Heyətinin sədri Almasadam Satkaliyev, “QazMunayQaz” SC İdarə Heyətinin sədri Alik Aydarbayev və həmkarları ilə görüşüb. Görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, M.Cabbarov Azərbaycan İnvestisiya Holdinginin fəaliyyəti barədə məlumat verib. Nazir “Samurıq-Qazına” SC ilə kooperativ idarəetmə sahəsində təcrübə mübadiləsinin, iqtisadiyyata özəl investisiyaların cəlb edilməsinin, portfel şirkətlərin rəqəmsal transformasiyasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz sahəsində əməkdaşlıq, birgə layihələrin icrası məsələləri müzakirə edilib.