Son yeniləmə: 5 İyul 2021 12:16
Bayraqdar.info – 1-3 iyul tarixində “ASAN Könüllülərinin IV Yay Məktəbi” həyata keçirilib. Məktəb “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Coca-Cola” şirkətinin əməkdaşlığı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin tərəfdaşlığı ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib. Qeyd olunub ki, layihənin reallaşdırılmasında əsas məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, dünya görüşlərinin artırılmasıdır. Eyni zamanda, Azərbaycanın qədim bölgələrindən olan Şamaxının tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq və onların hərtərəfli inkişafına şərait yaratmaqdır.
Düşərgədə gənclərin vaxtlarını səmərəli keçirmələri və komanda qurucluğu üçün bir çox tədbirlər keçirilib. O cümlədən, “challenge” oyunları, Buğurt qalasına yürüş, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə qazi Nazim Muradov ilə görüş və müxtəlif əyləncələr təşkil edilib.
Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovla qeyri-rəsmi görüş keçirilib.
Həmçinin könüllülər palçıq vulkanlarına, Diribaba türbəsinə, Dəmirçi kəndində yerləşən Şamaxı rayonu Dəmirçi Arxeologiya Muzeyinə, “Safari” parka ekskursiya ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Şamaxı rayonunun Şahdağ Milli Park ərazisində açıq hava şəraitində keçirilən, sayca dördüncü olan Yay Məktəbində 50 ASAN könüllüsü iştirak edib.