Press "Enter" to skip to content

40 ildir KKTC-yə qarşı tətbiq edilən təcridə son qoyulmalıdır

Son yeniləmə: 5 İyul 2021 12:32

Hulusi Kılıç: Mevlüt Çavuşoğlunun səfəri Türkiyənin KKTC məsələsində nə qədər qərarlı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi

Bayraqdar.info – Xəbər verdiyimiz kimi ötən həftə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edib. Səfər çərçivəsində M.Çavuşoğlu KKTC Cümhurbaşqanı Ersin Tatarla görüşüb. Əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşün ardından mətbuat konfransı olub. Həm səfər zamanı müzakirə olunan məsələlər, həm də mətbuat konfransında səslənən fikirlər beynəlxalq aləm tərəfindən diqqətlə qarşılanıb.

Öz növbəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bayraqdar.info-ya özəl açıqlamasında deyib ki, səfər xüsusi əhəmiyyət kəsb edir: “Öncə onu deyim ki, səfər Kıbrısla bağlı Cenevrədə keçirilmiş 5+1 qeyri-rəsmi formatındakı görüşün nəticələrini müzakirə etmək baxımından əhəmiyyətli idi. Çünki Cenevrə görüşü Kıbrısda 4 ildən artıqdır ki, dalana dirənən danışıqların bərpası üçün stimul ola bilərdi. Cenevrə görüşünü əhəmiyyətli edən digər bir məqam isə Kıbrıs türk tərəfinin yeni təkliflə çıxış etməsi idi. Bu təklifə əsasən Kıbrısda iki dövlətli həll variantı adaya əbədi sülh gətirə bilər. Yəni, artıq rum tərəfinin israrla üzərində dayandığı federasiyadan söhbət gedə bilməz. Bir sözlə, KKTC adada iki bərabərhüquqlu müstəqil dövlətin tanınması təklifi ilə çıxış edir. Xarici işlər nazirimizin də dediyi kimi Cenevrə toplantısı Kıbrıs məsələsində bir dönüş nöqtəsi oldu. Bir dövr sona çatdı və yeni bir dövr başladı. Kıbrıs türk tərəfi Cenevrədə realist, yeni və nəticə yönümlü bir təklif irəli sürdü. Bu baxımdan Mevlüt Çavuşoğlunun bu səfəri Türkiyənin KKTC məsələsində nə qədər qərarlı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.

H.Kılıç deyib ki, Kıbrıs türk tərəfini başa düşmək heç də çətin deyil: “Çünki 1960-lardan sonra baş verən olaylar, türklərə qarşı törədilən vəhşiliklər Kıbrıs türklərinin heç bir halda rumlara yenidən güvənməsinə imkan vermir. Bundan başqa, KKTC artıq 40 ildir ki, müstəqil dövlət kimi mövcuddur və bundan sonra geri dönüş onsuz da mümkün deyil. Digər tərəfdən 2004-cü ildə adanın hər iki tərəfində keçirilən referendumda türk tərəfi Annan planını qəbul etdiyi halda, rumlar buna qarşı çıxdılar. Ancaq artıq zaman da, dünya da dəyişib. Rumlar da dəyişməyə, reallığı qəbul etməyə məhkumdurlar. Reallıq isə Kıbrıs türkünün suveren dövlət haqqının nəhayət ki, tanınmasını tələb edir. Bu gün Ana Vətən Türkiyənin də dəstəyini alaraq KKTC məhz bu haqqı uğrunda savaşır. Kimsə şübhə etmir ki, gec ya tez Kıbrıs türkünün bu haqqı tanınacaq. Dünya nəhayət ki, 40 ildir Kıbrıs türklərinə, KKTC-yə qarşı tətbiq etdiyi təcridetmə siyasətinə son qoymalıdır”.

Keçmiş səfir deyib ki, M.Çavuşoğlunun bu səfəri KKTC ilə Türkiyə arasında sözügedən istiqamətdə məsləhətləşmələrin aparılması baxımından xüsusi önəm kəsb edir: “Bu gün dünyada sülhün, sabitliyin, haqqın müdafiəçisi rolunda çıxış edən Türkiyə haqqı tapdanan xalqların yanındadır. Biz bu günə kimi bu cür mövqe sərgilədik, bundan sonra da belə olacaq. Eyni zamanda, Türkiyə KKTC-nin suveren dövlət kimi bütün dünya tərəfindən tanınması üçün apardığı mücadiləni bundan sonra da eyni qərarlılıqla davam etdirəcək. Hörmətli nazirimizin KKTC-yə səfəri çərçivəsində keçirilən mətbuat konfransında dediyi “Kıbrıs türk xalqını azlıq olaraq görən bu zehniyyəti biz də artıq yox hesab edirik” sözlərindən isə hər kəs dərs çıxarmalıdır”.

Mission News Theme by Compete Themes.