Press "Enter" to skip to content

Əsas məqsəd əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılmasıdır

Son yeniləmə: 5 İyul 2021 13:02

Bayraqdar.info – Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, həmçinin əlillik sənədlərində ziddiyyət aşkarlanan 28 şəxsin əyani müayinəsi aparılıb.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 16-na əlillik təyin olunub.

Məlumatda deyilir ki, 9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib. 1 nəfərə müalicənin davam etdirilməsi, 1 nəfərə isə yenidən müayinə üçün göndəriş tərtib edilib. Digər şəxsə isə əlilliyin qiymətləndirilməsi üçün hərbi qərarın gətirilməsi tövsiyə olunub.

O da vurğulanıb ki, şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Bu dəfəki müayinədə “Əlilliyi olan Qadınlar Cəmiyyəti” İB-nın sədri Məhluqə Rəhimova iştirak edib.

Bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsidir.

Mission News Theme by Compete Themes.