Press "Enter" to skip to content

Azərbaycan ən strateji məntəqənin mina xəritələrini əldə etdi

Bayraqdar.info – İyulun 3-də gecə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər yayaraq Ermənistandan Füzuli və Zəngilan rayonlarına aid mina xəritələrinin alındığını bildirdi.

Bayraqdar.info-ya Nazirlikdən daxil olan məlumatda deyilir ki, alınan xəritələr təxminən 92 min tank və piyada əleyhinə minanın yerini göstərir.

O da bildirilir ki, xəritələrin alınmasına bu dəfə Rusiya vasitəçilik edib.

Bu xəritələr ərazidə minatəmizləmə işini sürətləndirəcək, tikinti-quruculuq prosesini daha tez başa çatdırıb məcburi köçkünləri yurdlarına qaytarmağa kömək edəcək.

“Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib”, – deyə xəbərdə həm də qeyd edilir.

Qısa desək, Azərbaycan 15 erməni cinayətkarı ölkəsinə verməklə əvəzində mina xəritələrini alıb.

Xatırladaq ki, bir müddət öncə də belə bir mübadilə olmuşdu. 15 erməni qarşılığında Ağdam rayonunun mina xəritələri alınmışdı. Lakin o dəfə vasitəçi rolunda Gürcüstan çıxış etmişdi.

Göründüyü kimi, Azərbaycan dövləti və onun rəhbəri təmkinlə davranaraq Ermənistandan xəritələrin alınmasını təmin edir. Bu isə Prezident İlham Əliyevin bir lider olaraq məharətinin göstəricisidir. Biz, əlbəttə ki, bu mübadilələrin bağlı qapılar arxasında aparılan danışıqlarından xəbərsizik. Lakin nəticəyə baxılırsa dövlətimiz və onun diplomatiya kanalları heç də az iş görmürlər.

Bəlkə də kimlərəsə bu mübadilə adi bir prosedur kimi görünür. Lakin unutmayaq ki, artıq əlimizdə olan xəritələr konkret olaraq insanların həyatlarının xilas edilməsi deməkdir. Bir tərəfdən bilirik ki, harda mina basdırılıb, digər tərəfdən də o minanı tapıb zərərsizləşdirməkdə çətinlik olmayacaq. Yəni minatəmizləmə prosesi sürətlənəcək.

Bir daha xatırladaq ki, söhbət Füzuli və Zəngilanda basdırılmış 92 min minadan gedir. Əlavə edək ki, Füzuli hazırda hava limanının tikilməsi və Şuşaya Zəfər yolunun çəkilməsi baxımından ən strateji nöqtədir. Bu isə o deməkdir ki, xəritələrin alınması ikiqat əhəmiyyətlidir.

Və bütün bunların fonunda Azərbaycanın növbəti dəfə humanizm nümayiş etdirməsi – diversant ermənilərə qarşı yumşaq davranması, hətta onları geri verməsi. Bu isə bir daha göstərir ki, qalib Azərbaycan Ermənistan və ermənilərlə əbədi düşmənlik etmək fikrində deyil. Əksinə, mümkün qədər tez bu ölkəylə sülh bağlamaq üçün bütün imkanlardan istifadə edir, hətta güzəştə də gedir. Yəni o sülhün bağlanacağı gün də, anlaşılır ki, uzaqda deyil…

Mission News Theme by Compete Themes.