Press "Enter" to skip to content

İstinad jurnalistin namusu, hədiyyə qəbuledilməzdir

Azər Həsrət

Artıq iyul ayıdır. Bu ayda ictimaiyyət olduqca vacib bir günü – Azərbaycan mediasının quruluşunun ildönümünü qeyd edir. İyulun 22-də bütün ölkə boyu Azərbaycan Jurnalistikası Günü (Milli Mətbuat Günü) qeyd ediləcək.

1875-ci ildə böyük ziyalı, maarifpərvər Vətən övladı, qaranlıqları aydınlatan bilim adamı Həsən bəy Zərdabi “Əkinçi” ilə başlatmışdı bu yolu. Düz 146 il öncə yəni! O “Əkinçi” cəmi 2 il nəşr edilsə də ötən dövr ərzində Azərbaycan mediasının yoluna işıq tutmağa hələ də davam edir.

Biz H.Zərdabinin belə xəyal edə bilməyəcəyi bir mediaya sahibik. İnsanlarımızın yüzdə yüzü yazıb-oxumağı bilir. Milləti yenə də maarifləndirmək lazımdır. Lakin o dövrdəki kimi sadəcə yazıb-oxumağı öyrənməsi üçün deyil.

Günümüz mediasının qarşısında duran vəzifə insanlarımızı yeni texnologiyalara yiyələnmək üçün maarifləndirməkdir.

İndi biz də bayraqdar.info olaraq Azərbaycan mediası səfində qərar tutmuşuq. Düzdür, adımız da, işimiz də təzədir. Lakin qaynağına endikdə bəlli olur ki, heç də təzə sayılmarıq. Bayraqdar.info 2008-ci ildən fəaliyyət göstərən yalquzaq.com-un varisi – davamçısı olaraq 2021-ci ilin 1 aprel günündən yayımdadır.

Səsimiz-sorağımız artıq dünyanın 98 ölkəsindən gəlir. Cəmi üç ay fəaliyyət göstərib bu qədər geniş coğrafiyaya yayılmaq elə də kiçik uğur sayılmaz.

Eyni zamanda biz, Azərbaycan jurnalistikasında ciddi dəst-xətti, məsuliyyəti ilə seçilən media qurumu kimi fəaliyyət göstəririk. Hay-küydən, qaraqışqırıqdan uzaq, ciddi – öz xəbərçilikdir əsas prinsipimiz.

Bir də istinadı jurnalistikanın – jurnalistin namusu sayırıq biz. Bu günə qədər yayımladığımız heç bir yazı və xəbərdə istinadsız bir cümlə belə vermədik. Bundan sonra da belə davam edəcəyik.

Bir də bizimlə işləyən jurnalistlər ələbaxımlıqdan uzaqdırlar. Heç kimdən heç bir təmənna güdmədən işləyirik. Həmkarlarımız hər xəbəri, hər yazını dişləri-dırnaqlarıyla – əziyyətlə hazırlayır, hər hərfin üzərində belə əsirlər. Bunu edərkən də kimsədən nəsə gözləmirik.

Elə bu yazımız da qeyd edilən sözlərlə bağlıdır.

22 iyul ərəfəsində Azərbaycanda bir sıra dövlət qurumları, işadamları, ayrı-ayrı müəssisələr, hətta QHT-lər mediaya təbrik hədiyyələri göndərir. Adətdir yəni. Bəzən bu, hətta bahalı hədiyyə şəklində olur. Həmkarlarımız da bunu normal sayır, hədiyyələri həvəslə qəbul edirlər.

Bizim bu durumla işimiz yoxdur. Lakin özümüzlə bağlı qərar verib icra etmək hüququmuzdan yararlanmaq azadlığımız da var axı…

Sözümüzün canı odur ki, bayraqdar.info belə hədiyyələri qəbul etməmək fikrindədir. Biz media olaraq hesab edirik ki, jurnalistlər heç kimdən – heç bir qurumdan məhz media fəaliyyətinə görə hədiyyə almamalıdır. O baxımdan hər kəsdən nəzakətlə xahiş edirik ki, 22 iyul ərəfəsində bizə hər hansı hədiyyə gəndərilməsin (əlbəttə, indi kimsə deyə bilər ki, sanki hədiyyə göndərən var bunlara. Mümkündür. Amma yenə də düşündük ki, fikrimizi yazaq).

Əgər hansısa qurum və ya şəxs bizə diqqət ayırıb təbrik etmək istəyirsə, bunu sadəcə adi bir SMS-lə, votsap üzərindən də etmək olar. Bu qədəri bizim üçün yetərli olacaq və diqqət kimi qəbul edəcəyik.

Bu arada onu da əlavə edək ki, bizimlə işləyən jurnalistlər heç bir qurumdan hər hansı şəkildə hədiyyə almırlar və almalarına da dözümümüz yoxdur. Ola bilər ki, hansısa bir tədbirdə tanıtma amaclı bloknot, qələm, broşür, kitab verilsin. Qəbuldur. Lakin ayrıca hədiyyə (bəzən içində pul da olur) qəbul edəcək jurnalistlər bizimlə əsla və əsla işləyə bilməz.

20 gün sonra 146-cı ili tamam olacaq milli mətbuatımızın növbəti ildönümünə belə üzüağ gedirik. Ondan sonra da belə davam edəcəyik.

Mission News Theme by Compete Themes.