Press "Enter" to skip to content

İqtisadiyyat naziri AYİB-in 30-cu illik toplantısında çıxış edib

Son yeniləmə: 2 İyul 2021 15:02

Bayraqdar.info – Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında 30-cu illik toplantısı keçirilib.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Müdirlər Şurasının plenar sessiyasında AYİB-ə üzv ölkələrin nümayəndələrinın çıxışları dinlənilib.

Tədbirdə çıxış edən AYİB-də Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-in hər zaman etibarlı tərəfdaş olduğunu vurğulayıb. Nazir ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

İqtisadiyyat naziri koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı dəstək tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, 2021-ci ilin yanvar-may aylarına ÜDM 0,8%, qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5% artıb.

Nazir 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini dı diqqətə çatdırıb. M.Cabbarov bildirib ki, AYİB-in “Strateji və kapital çərçivəsi 2021-2025” sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır.

Plenar sessiyada işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulmasında, bu ərazilərə əhalimizin böyük qayıdışının təmin edilməsində, nəqliyyat-tranzit, logistika, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji sahələrində Azərbaycanla AYİB-in əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Toplantıda AYİB-in strateji istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Maliyyə hesabatları dinlənilib, Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.

Mission News Theme by Compete Themes.