Press "Enter" to skip to content

Azərbaycan və Qırğızıstan Xarici İşlər nazirlikləri arasında sənəd imzalanıb

Bayraqdar.info – Azərbaycan və Qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini bağlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşündə bildirilib.

XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, görüş hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

C.Bayramov inkişaf etməkdə olan ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib. İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına təkan verdiyi bildirilib. Nazir, dost ölkə Qırğızıstanın bu günədək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir R.Kazakbayev Qırğızıstan və Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla münasibətlərə önəm verildiyini qeyd edən Qırğızıstanlı nazir ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi marağını ifadə edib.

Görüşdə ikitərəfli gündəliyin bir çox istiqamətləri, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat, tranzit sahəsində əməkdaşlıq, o cümlədən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi, habelə kənd təsərrüfatı, turizm, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin dəstəklənməsi, biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir C.Bayramov həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, xüsusilə də azad edilmiş ərazilərdə onilliklər ərzində törədilmiş dağıntılar, tarixi-mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb. O, bu ərazilərdə hazırda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı” sənədini imzalayıblar.

Mission News Theme by Compete Themes.