Press "Enter" to skip to content

Amerikalı ekspert İranda qeyri-farsların inqilab edə biləcəyini dedi

Bayraqdar.info – Demokratiyaların Müdafiəsi Fondunun enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şaffer Yaxın Şərqlə bağlı keçirilmiş onlayn konfransda deyib ki, İranda qeyri-farslar inqilab edə bilər.

“İranda qeyri-fars millətlərinin sayı Qərb mənbələrinin bu ölkədə etniklərin sayı ilə bağlı CİA-in “Fakt Kitabı”na istinadla təqdim etdikləri rəqəmdən yüksəkdir.”

Bu sözləri Demokratiyaların Müdafiəsi Fondunun enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şaffer Yaxın Şərqlə bağlı keçirilmiş onlayn konfransda deyib.

B.Şafferin “İran yalnız fars imperiyası deyil” adlı monoqrafiyanı yazarkən İran mənbələrini araşdıraraq gəldiyi nəticələrə əsasən, ölkədəki müxtəlif etniklər, o cümlədən Azərbaycan türkləri, bəluclar, lorlar, Əhvaz ərəbləri və kürdlər İran əhalisinin yarısından çoxunu təşkil edir. İran hökumətinin ölkə daxilində apardığı sorğuda isə qeyd edilir ki, əhalinin təxminən 40%-i fars dilində danışa bilmir.

Cəmiyyətin çoxmillətli olmasına baxmayaraq, rejim fars mərkəzli ideologiyanı əsas tutur və qeyri-fars millətlərə qarşı kəskin basqı və repressiya siyasəti yürüdür.

Rejimin digər millətlərin dillərini qadağan etməsinə də toxunan B.Şaffer bunu “İran hökumətinin ailədaxili məsələlərə soxulması” kimi dəyərləndirib.

Təhlilçi qeyd edib ki, qeyri-farsların əksəriyyətinin şiə müsəlmanları olmasına rəğmən, Tehran hökuməti onlara qarşı basqı siyasəti yürüdür. Bu isə öz növbəsində onları indiki rejimin İslam Cümhuriyyəti olmadığına əmin edib.

O, özünü müsəlman ölkələrinin dəstəkçisi adlandıran İran rejiminin Ermənistana 2-ci Qarabağ savaşında dəstəyinin daha da artmasının İran cəmiyyətinin böyük əksəriyyətini təşkil edən Güney Azərbaycanlılar arasında qəzəbə səbəb olduğunu vurğulayıb. Əksinə, İsrailin Azərbaycana dəstəyi isə Güney Azərbaycanlıların bu ölkəyə rəğbətinin daha da artmasına səbəb olub.

Şaffer sonda qeyd edib ki, İran rejiminin qeyri-fars millətlərə qarşı yürütdüyü siyasət rejimə qarşı çıxışları daha da artırıb və Amerika bu məsələyə lazımi qədər önəm verməlidir.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.