Press "Enter" to skip to content

Uşaqlar üçün sosial xidmət müəssisələrinə mediatur təşkil olunub

Bayraqdar.info – Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinə mediatur təşkil olunub. Jurnalistlərə bildirilib ki, Agentliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı (Şağan qəsəbəsi) və 2 saylı (Saray qəsəbəsi) sosial xidmət müəssisələri fəaliyyət göstərir.

Bu müəssisələrdə 5-18 yaşlarında 278 uşaq daimi dövlət himayəsində yaşamaqla, onlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Müəssisələrə qəbul edilmiş uşaqlar yaş, cins, xəstəlik diaqnozlarına uyğun qruplaşdırılır. Fərdi xüsusiyyətləri nəzərə alınaraq sosial xidmətin təşkil edilməsi üçün hər bir uşağın kompleks qiymətləndirilməsi aparılaraq fərdi iş planı tərtib olunur. Müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun uşaqlara xidmət və qayğı göstərilir, onların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Aktiv terapiya, oyun terapiyası, ünsiyyət terapiyası, rəqs terapiyası, mətbəx terapiyası, market terapiyası, “İnkişaf mərkəzi” və “Kukla teatrı” otaqları uşaqların vaxtlarının səmərəli keçirilməsinə, həmçinin müxtəlif intellektual oyunlar, müxtəlif nağılları səhnələşdirmək uşaqlarda zehnin inkişafına kömək edir.

Media nümayəndələri bu müəssisələrdə uşaqların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fitri istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılmış dərnəklərlə də tanış ediliblər. Bu dərnəklərdə uşaqlar müxtəlif əl işləri (rəsm, oyma, muncuqla tikmə və s.) hazırlayır, musiqi alətlərində ifa etməklə, rəqslə, mahnı oxumaqla, habelə idman zallarında yüngül atletika, tennis, boccia, futbolla məşğul olurlar. Hər iki sosial xidmət müəssisəsinin sakinlərinin Respublika və beynəlxalq səviyyəli idman yarışlarında iştirakı da təmin edilir və onlar bu yarışlarda medallar qazanırlar.

Uşaqların doğma ailə mühitinə dönüşünə xidmət edən de-institusionalizasiya tədbirləri də davam etdirilir. Ötən il bu müəssisələrdən 22 nəfər, bu ilin 6 ayı ərzində isə 8 uşaq öz ailələrinə geri qayıdıb.

Mission News Theme by Compete Themes.