Press "Enter" to skip to content

Türkmənistan da builki Türk Zirvəsində iştirak edəcək

Bayraqdar.info – İyunun 29-da Türk Keneşi (Şurası) Baş katibi Bağdad Amreyev Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulı Berdimuhammedovla görüşüb. Görüşdə geniş fikir mübadiləsi aparılıb, Keneşin Türkmənistanla münasibətləri müzakirə edilib.

Bu haqda xəbəri Türk Keneşi yayıb.

B.Amreyev görüş zamanı Türkmənistan Prezidentinin bu ilin noyabrında İstanbulda keçiriləcək Türk Zirvəsinə qatılmasının türk dünyasının birliyini sərgiləyəcəyini deyib.

Q.Berdimuhammedov da öz növbəsində türk dövlət başçıları ilə ikili təmasları haqqında bilgi verib, gözlənilən Türk Zirvisənə qatılacağını bildirib.

Türkmənistan Prezidenti həm də Türk Keneşinin ortaq türk layihələrində ölkəsinin də iştiraka hazır olduğunu deyib.

Tərəflər Türkmənistana Türk Keneşi çərçivəsində özəl bir statusun təmin edilməsi yönündə də fikir mübadiləsi ediblər.

Əlavə edək ki, Türkmənistan Türk Keneşinə üzv olmayan iki türk dövlətindən biridir. Digəri isə Kuzey Kıbrıs Türk Cümhuriyyətidir ki, əslində, üzv olmaq istərdi. Lakin hələlik bu dövlətin tanınmasıyla bağlı problem olduğu üçün onun üzvlüyə alınması gecikir. Bununla belə, türk dövlətlərində KKTC-yə yetərincə sayğılı yanaşma var.

Diqqətli oxucularımız da xatırlar. Bir müddət öncə bayraqdar.info KKTC Cümhurbaşqanı Ersin Tatardan müsahibə almışdı. E.Tatar o müsahibədə Türk Keneşinə üzvlüklə bağlı açıq mövqe ifadə etmişdi. O, KKTC-nin Türk Keneşinə tam üzv olmasını hədəflədiklərini demişdi.

Qeyd edək ki, Türk Keneşinin tam hüquqlu üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir. Macarıstan dövləti isə müşahidəçi üzvdür.

Mission News Theme by Compete Themes.