Son yeniləmə: 1 İyul 2021 13:43
Bayraqdar.info – İyunun 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) SABAH qruplarının tələbələri buraxılış işi kimi Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərinin tamaşasını təqdim edib.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərə görə, tamaşanın təqdimatında təhsil naziri Emin Əmrullayev, nazir müavini Firudin Qurbanov və ADMİU-nun rektoru Ceyran Mahmudova iştirak edib.
Əvvəlcə Universitetin qalereyasında rəssam və dizayner tələbələrin, məzunların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qonaqlar ADMİU-nun Vətən müharibəsi iştirakçılarına həsr olunmuş “Zəfər” lövhəsi ilə də tanış olublar. Qonaqlara bildirilib ki, Vətən müharibəsində universitetin 2-si əməkdaş olmaqla, 50-dən çox tələbə və məzunu iştirak edib. Onlardan 3 nəfəri şəhidlik zirvəsinə ucalıb, əksəriyyəti isə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif olunub.
Xəbərdə bildirilir ki, daha sonra ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında Ə.Haqverdiyevin “Pəri cadu” əsərinin tamaşası nümayiş edilib. Klassik irsə müasir baxış sərgiləyən tamaşa maraqla izlənilib.
Sonda çıxış edən təhsil naziri E.Əmrullayev ADMİU-dakı yaradıcı mühitdən, nümayiş olunan tamaşadan məmnunluğunu ifadə edib və Universitetin fəaliyyətində uğurlar arzulayıb.
Bu tədbir haqqında nazir E.Əmrullayev öz sosial media hesablarında paylaşım da edib.
İyunun 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH tələbələrinin buraxılış işi kimi təqdim etdiyi Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərinin tamaşasını izlədik. Universitetin bütün tələbələrinə yaradıcılıq uğurları arzu edirəm. pic.twitter.com/lX4wywhMZH
— Emin Amrullayev (@EminAmrullayev) July 1, 2021