Bayraqdar.info – Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Əsəd Fərhad oğlu Həsənova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Xəbər bayraqdar.info-ya Muzeydən verilib. Xəbərdə şəhidin həyatı və döyüş yolu haqda məlumat əks edilib.
Bldirilib ki, şəhid kapitan Ə.Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. Azərbaycan Ordusunun zabiti olan Ə.Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qərargah rəisi olub.
O, Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib.
Ə.Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. İmişli rayonunda dəfn edilib. Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qalıb.
Şəhid Ə.Həsənov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.