Press "Enter" to skip to content

Regional turizmin inkişafını hədəfləyən RİTM təqdim edilib

Son yeniləmə: 1 İyul 2021 15:28

Bayraqdar.info – İyulun 1-də Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı ictimaiyyətə təqdim olunub.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, proqramın hazırlanmasında məqsəd regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsini təmin etməkdir.

Agentliyin sədri Fuad Nağıyev çıxışında startap proqramının bölgələrimizdə xidmət keyfiyyətinin yüksəldiləməsinə, turizm məhsullarının sayının və çeşidinin artmasına, həmçinin dayanıqlı turizmin inkişafına töhfə verəcəyini bildirib.

Qeyd edilib ki, regional turizmin inkişafı məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov RİTM layihəsinin real və ölçülə bilən nəticələrə yönəldiyini bildirib. O, layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd edib.

O.Məmmədov layihədə KOB subyektləri vasitəsilə məşğulluğu təmin etmək istiqamətində olan komponentlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Təqdimat prosesində RİTM-ə qoşulmaq üçün hazırlanmış https://ritm.tourismboard.az veb-saytın funksiyaları izah olunub. Eləcə də startap proqramına müraciətlə bağlı şərtlər və qaydalar açıqlanıb.

Tədbir çərçivəsində DTA və ATB-nin məsul şəxslərinin iştirakı ilə keçirilən mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, RİTM-ə tərəfdaş qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) tərəfdaşlıq edir.

Mission News Theme by Compete Themes.