Press "Enter" to skip to content

Pakistanın Azərbaycanlı məzunları səfir Əli Əlizadə ilə vidalaşıb

Bayraqdar.info – Pakistanın Azərbaycan Məzunları Assosiasiyasının (PAMA) rəhbərliyi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə vida görüşü keçirib. Pakistanlı məzunlar səfirin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

Xəbəri bayraqdar.info-ya qurumun təmsilçilərindən olan Qayser Navab verib.

Məzunların görüş istəyini həvəslə qəbul edən səfir onlarla fikir mübadiləsi aparıb. Məzunlar Azərbaycan səfirinin xidməti dövründə Pakistanla münasibətlərin mümkün yüksək mərtəbədə tutulması üçün çalışdığını vurğulayıblar. Onlar Ə.Əlizadəyə xidmətindən dolayı təşəkkür ediblər.

Səfir də öz növbəsində iki ölkə arasındakı münasibətlərin davamlılığında PAMA-nın rolunu qeyd edib. O, bu xidmətləri yüksək dəyərləndirdiyini deyib.

Ə.Əlizadə Pakistanlı heyətə və onların dövlətinə Qarabağ məsələsindəki dayanıqlı dəstəyə görə də ayrıca təşəkkür edib. Səfir Pakistanlı gəncləri Qarabağdakı mina məsələsini də gündəmdə tutmağa çağırıb.

Məzunların verdiyi xəbərdə o da bildirilir ki, səfir Kəşmir məsələsinin sülh yoluyla həllində Pakistan xalqıyla həmrəy olduqlarını bildirib. Ə.Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin də bu cür məsələlərdə ciddi dəstəyini xatırladıb.

Sonda məzunlar səfirə hədiyyələr təqdim edib. Səfir də öz növbəsində onlara ədəbiyyat nümunələri bağışlayıb.

Əlavə edək ki, Azərbaycanın xaricdəki ən fəal və uğurlu səfirlərindən olan Ə.Əlizadə Pakistandakı missiyasını başa çatdırmaq üzrədir. O, buna görə bir sıra vida görüşləri keçirib.

Mission News Theme by Compete Themes.