Press "Enter" to skip to content

Azərbaycan güləşçilərindən Almaniyada yüksək nəticə

Bayraqdar.info – Almaniyanın Dortmund şəhərində iyunun 28-də başlayan gənclərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb.

Azərbaycan Güləş Federasiyasından iyulun 1-də verilən xəbərə görə, qitə birinciliyinin ilk 3 günündə güləşin bu növü üzrə mübarizə baş tutub.

Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında AÇ-yə qatılan Azərbaycan idmançıları uğurlu çıxışla azarkeşləri sevindirib. Güləşçilərdən dördü fəxri kürsüyə qalxıb.

Kənan Heybətov (61 kq), Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız finalda məğlub olan Aydın Əhmədov (125 kq) isə ikinci yeri tutub.

Beləliklə, 3 qızıl və 1 gümüş medal qazanan Azərbaycan yığması 119 xal toplayaraq komanda hesabında Avropa üçüncüsü olub. Rusiya (185) birinci, Türkiyə (126 kq) isə ikinci yeri tutub.

Federasiyadan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, sonuncu dəfə analoji yarışda sərbəst güləşdə belə yüksək nəticə 2017-ci ildə qeydə alınıb. Maraqlıdır ki, həmin qitə birinciliyi də məhz Dortmundda keçirilb. Həmin yarışda Azərbaycan güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdı.

Qeyd edək ki, yarışlar iyulun 4-dək davam edəcək.

Mission News Theme by Compete Themes.