Son yeniləmə: 30 İyun 2021 19:26
Bayraqdar.info – İyunun 30-da Tarif Şurası təbii qazın qiymətinin tənzimlənməsilə bağlı toplantı keçirib. Bununla bağlı yayımlanmış rəsmi xəbər olduqca maraqlı nüanslarla diqqət çəkir. Beləliklə, Şura bəyan edir ki:
“…Dövlət Neft Şirkətinin (SOCAR) təbii qaz üzrə tarif tənzimlənməsinə dair müraciətinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Qərarda aşağıdakı məsələlər nəzərdə tutulub:
•Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb;
•Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib;
•“Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;
•Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib;
•Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb;
•İllik istehlak həcminin 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib;
•Ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;
•Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir”.
Açığı, bir qayda olaraq gecənin gec saatlarında qərarlar verməsilə diqqət çəkən Tarif Şurasının bu dəfəki davranışı təəccüblü görünür. Eyni zamanda əvvəlki ajiotaj doğuran qərarlardan fərqli olaraq bu dəfə istehlakçılar üçün xeyli əlverişli dəyişikliklər nəzərə çarpır. Hətta qiymətlərin bəzən ciddi şəkildə azaldılması da var.
Belə anlamaq olar ki, Şura nəhayət ki, normal və ağlabatan yanaşma sərgiləməyə qərar verib. Açığı, bu ciddi dəyişikliyin kimin təşəbbüsü olduğunu bilmirik. Lakin etiraf edək ki, olduqca müsbət görsənişdir.
Bir qədər lori dildə desək, bu dəfəki qiymət dəyişiklikləri nəinki istehlakçıya qarşı deyil, əksinə, bir tərəfdən onu qənaətə sövq, digər tərəfdən də bəzi hallarda daha az ödəməyə cəlb edir. Yəni bu il iyulun 1-dən qüvvəyə minəcək bu qiymətlər istehlakçıya əməlli-başlı faydalı ola biləcək.
Nə deyirik ki? Biz də illərdir deyirdik ki, Tarif Şurası qiymət siyasətini məhz istehlakçını da nəzərə alaraq həyata keçirsin. Eşidilmirdik. Amma bu dəfə belə görünür ki, istehlakçı eşidilir.
Heç şübhəsiz ki, Şuranın belə yenilikçi yanaşması Azərbaycanda aparılan islahatların daha bir faydalı yönüdür. Prezident İlham Əliyevin məhz sadə vətəndaşı düşünərək atdığı addımlar bəzən bəzi dövlət qurumları tərəfindən yanlış yönə çəkilirdi və nəticədə də vətəndaş zərər görür, dövlətə asi olurdu. Bu dəfə isə tam əksinə, məhz vətəndaşı razı salacaq yöntəmlə qərar verilib. Çox güman ki, bu dəfə bu sahənin də yenilikçi komanda üzvlərinə həvalə edilməsi öz sözünü deyib.