Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 111-ci mövsümə yekun vurulub. İl ərzində yaradıcılıq uğurları ilə seçilən, teatrın inkişafında xidmətləri olan əməkdaşların bir qrupu mükafatlandırılıb.
Bu barədə iyunun 30-da bayraqdar.info-ya Teatrdan xəbər verilib.
Xəbərdə bildirilir ki, tədbir teatrın ənənəvi mükafatlandırma mərasimlərindən bir qədər fərqli olaraq “Zoom” proqramı ilə həyata keçirilib.
Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanların, o cümlədən teatrın işıqçısı, şəhid Əliağa Məmmədovun xatirəsi ehtiramla yad olunub.
Tədbirin aparıcıları – Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə və istedadlı aktrisa Mehriban Zaliyeva kollektivin İkinci Qarabağ Müharibəsi zamanı arxa cəbhədəki fəaliyyətindən söz açıb.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu tədbirin ilk dəfə belə formatda təqdim olunmasına diqqət çəkib. O, ötən bir il ərzində yaradıcı insanların qarşılaşdığı bütün maneələrdən, eləcə də çətinliklərin fonunda qazanılan uğurlardan danışıb: “Dünyanı cənginə alan pandemiya teatrların düzəninə olduqca mənfi təsir etdi. Amma buna baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində, eyni zamanda 44 günlük Vətən Müharibəsi günlərində belə yorulmadan, əzmlə çalışdı. Biz fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha sübut etdik. Bu tədbirdə də əsas məqsədimiz Teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə stimul verməkdir”.
Xəbərdə deyilir ki, mükafatlandırma mərasimində Teatrın mühafizə xidmətinin kollektivi və nümunəvi xidməti ilə seçilən əməkdaşlar mükafatlandırılıb.
Quruluşçu rejissorlar – Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, Samir Qulamov; tanınmış aktyorlar – Emil Heydərov, Nicat Əli, Zaur Əliyev; bədii quruluş hissə müdiri Qabil Gözəlov; quruluşçu operator və montajçı Hikmət Şahverdizadə; mətbuat katibi Fəridə Aslanova; orkestr artisti Firuzə Nəcəfli də mükafat alanlar arasındadır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov və “Səssiz dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərova da mükafatlandırılıblar.
Teatrdan bildirilir ki, mərasimdə həmçinin, Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olunub.
“Mövsümün ən işgüzar rejissoru” – teatrın quruluşçu rejissoru Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” balet artisti Murad Ağayev “Büllür alma”nın sahibi olublar.
Sonda teatrın gənc və istedadlı solistləri – Mehriban Zaliyeva, Şaban Cəfərov, Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
Mükafatlandırma mərasiminin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Teatrdan bildirilib ki, tədbirin videoyazısı iyul ayının 4-də saat 19:00-da teatrın Facebook səhifəsində nümayiş olunacaq.