Bayraqdar.info – İyulun 1-dən Bakı şəhərində Bülbül adına orta ixtisas məktəbində musiqi sənəti üzrə qabiliyyət imtahanları keçiriləcək. İmtahanlar əsasən ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında olan kolleclərin tələbələri arasında baş tutacaq.
Bu barədə bayraqdar.info-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Xəbərdə bildirilir ki, Bakıda fəaliyyət göstərən Qabiliyyət İmtahanı Komissiyaları (QİK) öz fəaliyyətlərini yekunlaşdırdıqdan sonra musiqi sənəti üzrə bölgələrdə fəaliyyət göstərən komissiyalar işə başlayacaq.
Abituriyentlər imtahana gəlməzdən əvvəl buraxılış vərəqələrini və proqram formasını çap etməli və imtahanda ifa edəcəkləri əsərləri həmin formaya yazaraq komissiyaya təqdim etməlidirlər.
İmtahan verəcək abituriyentlər imtahan binasına əvvəlcədən qeydiyyatdan keçmiş və buraxılış vərəqəsi olan konsertmeysterləri ilə gəlməlidirlər. Buraxılış vərəqəsi olmayan konsertmeysterlər imtahana buraxılmayacaqlar.