Bayraqdar.info – Şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş “III Neftçili yay futbol düşərgəsi” layihəsi yekunlaşıb. Layihə “Neftçi” Peşəkar Futbol Klubunun, “ASAN Könüllüləri” Təşkilatının və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.
Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaqdır. Məqsəd həm də onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
16 gün davam edən düşərgədə pandemiya qaydaları nəzərə alınaraq iştirakçılar qruplar üzrə bölünüblər. Onlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilib, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilib.
“Neftçi”nin “Türk Hava Yolları” bazasında keçirilən düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif edilib.