Press "Enter" to skip to content

Hüquq məsləhətxanası: Uşağa pasport almaq və xaricə aparmaqla bağlı qaydalar

Bayraqdar.info – Əziz oxucularımız! Sizlərin çoxsaylı suallarınızı və hüquqi maarifləndirməyə aid maraqlarınızı görüb saytımızda “Hüquq məsləhətxanası” adlı rubrika yaratmaq qərarına gəldik. Bu, həm də ona görə vacibdir ki, vətəndaşlar bir çox hallarda hüquqlarını bilməzlikdən irəli gələrək bəzi həyati səhvlərə yol verirlər. Hər hansı bir sahədə ödənişsiz hüquqi məsləhətlər almaq istəyirsinizsə, bizim sayta müraciət edin. Biz sizləri saytımız vasitəsilə tanınmış və savadlı hüquqşünaslarla görüşdürəcəyik. Suallarınızı onlara ünvanlayacaq və cavabları Sizə çatdıracağıq. Bu rubrika sırf oxucuların sualları əsasında aparılacaq. Onu da qeyd edək ki, bir sualın cavabı həm də minlərlə insanı cavablandırmış olacaq. Buyurun, suallarınızı verin…

Bakı şəhər sakini Gülyaz Quliyeva: 18 yaşına çatmamış uşağa ümumvətəndaş (xarici) pasportu almaq və xaricə aparmaqla bağlı qaydalar haqqında məlumat almaq istərdim.

Oxucumuzun sualını vəkil Ramil Əliyev cavablandırır:

– Öncə onu qeyd edək ki, 18 yaşı tamam olmamış vətəndaşa pasport verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

Pasport verilməsi haqqında ərizə-anket (regional pasport idarələrində verilir);
Uşağın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
Fərdi identifikasiya kartı verilənədək Azərbayсan Respublikasının 15 yaşı tamam olmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınmasını təsdiq edən arayış;
Qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur).

QEYD 1: 2013-сü il sentyabrın 1-dək verilən pasportlar dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.

QEYD 2: Valideyn himayəsindən məhrum olmuş uşağa xarici pasport alınarkən əlavə olaraq uşağı övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənəd təqdim olunmalıdır.

18 yaşı tamam olmamış yeniyetmə ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçi və ya qəyyumu ilə gedə bilər. O, ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur.

Yeniyetmə ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə övladlığa götürənin, himayəçinin və ya qəyyumun notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur.

Əgər yeniyetmənin ölkədən çıxmasına (və ya aparılmasına) heç kimin razılığı yoxdursa məsələ məhkəmə tərəfindən həll edilir.

Aşağıdakı sənədlərdən biri təqdim olunarsa, digər valideynin razılığı tələb olunmur:

Valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi;
Valideynlərdən birinin ölmüş və ya itkin düşmüş elan edilməsi haqqında məhkəmə qərarı;
Valideynlərdən birinin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı;
Doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış.

Uşağın pasportu aşağıdakı müddətə verilir:

1 yaşınadək uşaqlar üçün – 1 illik;
1 yaşından 3 yaşınadək uşaqlar üçün – 3 illik;
3 yaşından 18 yaşınadək uşaqlar üçün – 5 illik.

Uşağın pasportu üçün dövlət rüsumu:

1 yaşından 3 yaşına qədər olan uşaqlar üçün: 10 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 (iyirmi ) manat, 5 iş günü məddətində 40 (qırx) manat, 1 iş günü müddətində isə 80 (səksən) manat.

Mission News Theme by Compete Themes.