Bayraqdar.info – “Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. Silahlı Qüvvələrimiz 44 gün ərzində XXI əsrin müharibəsini apardı və dünya hərb tarixinə bir sıra yeniliklər gətirdi.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, ölkəmiz bu uğurlara heç də asanlıqla nail olmayib: “Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda ordu quruculuğu, necə deyərlər, taleyin ümidinə buraxılmışdı. O dövrdə ordudakı pərakəndəlik və texniki təchizatın aşağı səviyyədə olması öz növbəsində düşmənin yeni-yeni ərazilərimizi ələ keçirməsinə şərait yaradırdı. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra ordumuzun döyüş qabiliyyətinin artırılmasına hesablanan bir sıra mühüm qərarlar qəbul etdi. Onun qətiyyəti və müdrikliyi sayəsində Respublika ərazisindəki bütün hərbi birləşmələrin buraxılması və vahid komandanlığa tabe olan ordunun yaradılması strateji önəm daşıyır. Məhz bundan sonra Azərbaycan Ordusunun gücünü bütünlüklə işğalçı Ermənistana qarşı yönəltmək mümkün oldu”.
E.Həsənli bildirib ki, Prezident İlham Əliyev də son 18 ildə ordu quruculuğuna müstəsna diqqət göstərib: “Bəhs olunan dövrdə ölkəmizdə güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı addımlar atılıb. Dövlət büdcəsindən silahlı qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Müqayisə üçün bildirək ki, Respublikamızda hər il ordu quruculuğu üçün ayrılan maliyyə vəsaiti Ermənistanın ümumi dövlət büdcəsinin illik xərclərini üstələyir. Davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Vətən müharibəsi göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Bir sözlə, Azərbaycanın istənilən vəzifəni icra edə bilən güclü ordusu var”.
E.Həsənli əlavə edib ki, Azərbaycan hərbi gücünün daha da artırılması üçün bundan sonra da davamlı işlər görüləcək: “Dövlət başçısı Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” Sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində də bu məqama toxunub. Prezident İ.Əliyev gələcəkdə ölkəmizin hərbi gücünün daha da artacağını diqqətə çatdırıb. Ali Baş Komandan bəyan edib ki, biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək öz hərbi gücümüzü artıracağıq”.