Bayraqdar.info – Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi (UK Home Office) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən PTE Academic (PTE-A), PTE-A UKVI və PTE Home imtahanlarının keçirilməsinə dair audit aparıb. Audit zamanı imtahanlarda bütün qaydalara riayət edilməsi və keyfiyyətin, təhlükəsizliyin təmin edildiyi məlum olub.
DİM auditdən keçərək yekun rəy və imtahanların davam etdirilməsi üçün icazə alıb.
Bu xəbər bayraqdar.info-ya DİM-dən verilib.
Xəbərdə deyilir ki, B.Britaniya DİN tərəfindən tənzimlənən qeyd edilmiş imtahanları Təhlükəsiz İngilis Dili İmtahanları (Secure English Language Test, SELT) sayıb. Bu, İngiltərədə işləmək və ya yaşamaq üçün müəyyən edilən tələblərdən biri hesab edilir.
Mərkəz SELT imtahanları haqqında qısa məlumat da verib:
“PTE Academic (UKVI) – iş (o cümlədən müəyyən təhsil məqsədləri) vizaları üçün qəbul edilən 4 bacarığı – danışıq, dinləmə, oxu və yazı – müəyyən edən dil imtahanadır. B.Britaniya DİN-in tələblərinə uyğun qeydiyyat prosesində kiçik fərqlər olmasına baxmayaraq test məzmunu və formatı baxımından PTE Academic ilə PTE UKVI eynidir.
PTE Home – ailə, məskunlaşma və ya vətəndaşlıq müraciətləri üçün qəbul edilən 2 bacarığı – danışıq və dinləmə – ölçən dil imtahanıdır. PTE Home imtahanı namizədin ingilis dilini bilmə qabiliyyətinin Xarici Dillər üzrə Ümumavropa Tövsiyə Çərçivə Sənədinin (CEFR) A1, A2 və B1 səviyyələrindən birinə cavab verdiyini təsbit edir.
Namizədlər il boyu keçirilən imtahanlardan yararlana və nəticələrini 48 saat ərzində öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün ən azı 24 saat əvvəl onlayn qeydiyyatdan keçmək mümkündür.
Xatırladaq ki, Pearson VUE təşkilatı 2017-ci ildən kompüter əsaslı test mərkəzi kimi beynəlxalq sertifikat təqdim edir. DİM PTE Academic, həmçinin, müxtəlif sahələrə aid (İT, maliyyə, mühasibat, daxili audit, və s.) 100-dən çox imtahan keçirir”.