Son yeniləmə: 30 İyun 2021 18:55
Bayraqdar.info – İyunun 30-da Bakı Fotoqrafiya Evində İordaniya dövlətinin yaradılmasının 100 illiyinə həsr edilmiş fotosərgi açılıb.
Sərgi İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyi, Əmman Şəhər İcra Hakimiyyətinin və “İçərişəhər” İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə hazırlanıb.
Tədbiri “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova açaraq bildirib ki, sərgi iyulun 4-dək davam edəcək. Sərgidə siyasi, tarixi və mədəni əhəmiyyətə sahib olan Əmman şəhərinin 100 ildən bəri tarixi inkişafını əks etdirən fotoşəkillər nümayiş olunur. Şəkillər 40 ədəd olmaqla A3 formatında 5 mm-lik foreks üzərində çap edilib.
Sərgidə həmçinin paytaxt şəhərin və onun sakinlərinin mədəniyyətini əks etdirən bir çox fərqli memarlıq və tarixi abidələrin əks olunduğu fotolar da təqdim edilir.
İordaniyanın ölkəmizdəki səfiri Sami Abdullah Goşeh çıxışında iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirib. O, sərginin ziyarətçilər tərəfindən maraq doğuracağına inamını ifadə edib.
İordaniyanın paytaxtı Əmman şəhərinin meri Yusif Şavarben videobağlantı vasitəsilə mərasimə qoşulub. O, tədbir iştirakçılarını salamlayıb və sərginin əhəmiyyətindən söz açıb.
Sərgi İordaniyaya həsr olunmuş müxtəlif sənədli filmlər və ölkənin milli musiqisi ilə müşayiət olunub.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi mövcud karantin rejimi qaydalarına uyğun formada keçirilib.