Bayraqdar.info – İyunun 28-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən altıncısı keçirilib. ABŞ Milli Audubon Cəmiyyətinin (National Audubon Society) dəstəyi ilə təşkil olunan vebinar “Gələcəyin uçuşları: Azərbaycanda ornitoloji turizm” mövzusuna həsr olunub.
Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən bildirilib.
Tədbirdə biologiya və ornitologiya üzrə beynəlxalq ekspert Kay Gauger, Orta Şərq, Qafqaz və Mərkəzi Asiya Ornitoloji Cəmiyyətinin üzvü Tomas Ahen Haraldson, Milli Audubon Cəmiyyəti direktorunun müavini Metyu Ceffri və İsrail Ornitologiya Mərkəzinin direktoru Conatan Meyrav çıxışçı qismində iştirak edib.
Tədbir iştirakçılarına ornitoloji turizmin ekoturizmin vacib bir istiqaməti olduğu bildirilib. Azərbaycanın zəngin təbiəti və biomüxtəlifliyinin bu fəaliyyət növünün inkişafı üçün münbit şərait yaratması haqqında məlumat verilib.
Çıxışçılar Azərbaycanda ornitoloji turizmin böyük potensialı və bu sahənin inkişafı isitqamətində görülən tədbirlərdən söz açıblar. Həmçinin ölkədə mövcud quş növləri və müxtəlif bölgələrdə yerləşən quş müşahidəsi üçün əlverişli məkanlar haqqında danışıblar. Kay Gauger “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisi və ətrafında məskunlaşan quş növləri və bu ərazilərdə quş müşahidəsi üçün mövcud potensialı xüsusilə vurğulayıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkədə ornitoloji turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.