Bayraqdar.info – Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əlaqələrin inkişafına önəm verir və bu qurumla uğurlu əməkdaşlıq edir.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink və həmkarları ilə görüşündə bildirilib.
Görüşdə bildirilib ki, Bankla birgə həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsinin təşviqi və qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. AYİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 mlrd. avrodan çox investisiya yatırılıb.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, iqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi prioritetləri barədə məlumat verib. Nazir qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində işğaldan azad olunmuş ərazilərimizin bərpasında və ölkə iqtisadiyyatına reinteqrasiyasında Bankın iştirak imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, AYİB-lə Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın inkişafı, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin gücləndirilməsi potensialı böyükdür.
AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını vurğulayıb. O, ölkəmizin geniş iqtisadi potensialının əlaqələrin möhkəmləndirilməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini qeyd edib.
Həmşinin Azərbaycan-AYİB tərəfdaşlığının genişləndirilməsi istiqamətləri, AYİB-in 30-cu illik toplantısı və Biznes Forumu barədə fikir mübadiləsi aparılıb. Görüşdə AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansen də iştirak edib.