Bayraqdar.info – Mədəniyyət Nazirliyi və AMEA–nın Arxeologiya və Etnoqrafiya İnstitutu ölkədə arxeoloji abidələrin mühafizəsi üçün qeydiyyatı və onların gələcək tədqiqatları ilə bağlı yeni layihə hazırlayır. Bu qəbildən Tovuzda da arxeoloji abidələrin yenidən tədqiqinə başlanılıb. Arxeoloji qazıntı işləri zamanı rayonun Vahidli kəndi ərazisində orta əsrlər mədəniyyətinə aid ev qalıqları aşkarlanıb. İlkin tədqiqatlara görə islam mədəniyyətinə aid olan tikili ticarət yolunun üzərində inşa edilib. Hazırda ərazidə arxeoloji qazıntı işləri davam edir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutudan bayraqdar.info-ya verilən xəbərə görə, İnstitutun ekspedisiya qrupu Vahidli kəndində “Qaladüzü” adlanan ərazidə arxeoloji qazıntı işlərini davam etdirir. Burada XV əsrə aid olan Sultan Körpüsünün olması onu deməyə əsas verir ki, aşkar edilən orta əsrlərə aid evlər ticarət yolunun üzərində inşa edilib.
“Burada orta əsrlər dövrünü əks etdirən bir yaşayış yeri olub. İnsanlar burada sıx şəkildə, çox mütəşəkkil vəziyyətdə yaşayıblar. Və bunu sübut edən dəlil qazıntı zamanı iki otaqlı evin tapılmasıdır. Burada qazıntılar zamanı məhz o dövrü əks etdirən materiallar, məişətdə istifadə edilən saxsı parçaları tapılıb. Evin tikinti materialları və konstruksiyası, girişi, damının və tavanının olmasını göstərən fraqmentlər onun 16-17-ci əsrə aid yaşayış yeri oldugunu göstərir. Hesab edirəm ki, bu ərazidə çox sayda belə tikililər var”, – deyə AMEA-nın şöbə müdiri, ekspedisiyanın rəhbəri Fərhad Quliyev bildirib.
Qazıntılar zamanı tapılan evin təməli 60 sm enində, 80 sm dərinliyindədir. Burada arakəsmələr üçün taxta materialdan istifadə edilib.