Bayraqdar.info – Səhiyyə Nazirliyindən verilən məlumata görə, Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verib. A.Zeynalova bildirib ki, ümumilikdə Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var. Bunlardan 3-ü vərəm, digərləri somatik tipli sanatoriyalardır.
Monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyena qaydalarına tam riayət olunmadığı, həmçinin, tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar aşkar edilib. Bununla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda, aparılmış monitorinqlərin nəticələri barədə Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək.
“Qeyd etmək istəyirəm ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxş olub. Nəzərinizə çatdırım ki, Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir. Məsələn, Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyaları 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər.
“Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş arası uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalara əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anemiyanın yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlim terapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərina çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə aşağıdakı sanatoriyalarda müalicə ala bilərlər: 7 saylı Uşaq Nevroloji, 3 və 5 saylı Uşaq Vərəm, Respublika Uşaq, 1,3, 4, 5, 6 saylı Uşaq Somatik Sanatoriyaları, Sanator-Kurort Reabilitasiya Mərkəzi, və Prof. Gindes ad. Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası”, – deyə A.Zeynalova qeyd edib.