Son yeniləmə: 29 İyun 2021 09:18
İlham Məmmədov: Şəhid ailələrinin üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlilləri dövlət başçsının diqqət mərkəzindədir
Bayraqdar.info – “Şəhid ailələrinin üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlilləri dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının 25 iyun tarixli Fərmanı da sözügedən kateqoriyalara aid vətəndaşlara xüsusi diqqətin və qayğının davamıdır.”
Bunu Prezidentin “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanını dəyərləndirən deputat İlham Məmmədov deyib.
Bayraqdar.info-ya özəl açıqlamasında deputat bildirib ki, Fərmana əsasən şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə xidmətlər vahid məkandan həyata keçiriləcək: “Bu məqsədlə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq və mərkəzlərin fəaliyyəti ilkin mərhələdə “DOST” mərkəzlərində təşkil olunacaq. Məqsəd onlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Həmçinin vətəndaş məmnunluğunun, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasının təmin olunmasıdır”.
Deputat qeyd edib ki, Fərmanla vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı da təsdiq edilib: “Eyni zamanda, vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası da təsdiq olunub. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub”.
Sənədə əsasən, vahid əlaqələndirmə mərkəzlərində xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək: “Bu xidmətlər birbaşa (yerində), çağrı mərkəzi vasitəsilə və səyyar formada təşkil ediləcək. Xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə, informasiya texnologiyalarından geniş istifadə edilməklə həyata keçiriləcək. Bu isə yuxarıda bəhs edilən katiqoriyadan olanlara göstərilən xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin edəcək”.
Məlumat üçün bildirək ki, artıq ƏƏSMN Mərkəzlərin fəaliyyəti barədə açıqlama verib. Bildirilib ki, vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin DOST mərkəzlərində təşkil olunacaq. Daha sonra isə bu fəaliyyət xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında da təşkil ediləcək.