Press "Enter" to skip to content

“Rəqəmsal jurnalistikaya doğru” proqramının 3-cü dalğası

Bayraqdar.info – “Rəqəmsal jurnalistikaya doğru” proqramının 3-cü dalğası başlayıb.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, proqram Agentliyin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holding”in sponsorluğu ilə keçirilir: “22 İyul – Milli Mətbuat Gününə həsr olunan proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, blogerlər və cəmiyyətin maarifləndirilməsinə töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər”.

Proqramın keçirilməsində əsas məqsəd KİV nümayəndələri və blogerlərin rəqəmsal xidmətlər haqqında məlumatlılığını daha da artırmaq, həmçinin elektron xidmətlər sahəsində əhalinin bilgilərini genişləndirməkdir. Proqramın ilk iki dalğası 2020-ci ildə reallaşdırılıb.

“Rəqəmsal jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olacaq:

– Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlərdə İKT sektorunda son trendlər, elektron dövlət layihələri, elektron xidmətlər haqqında ətraflı məlumat veriləcək. Birinci və ikinci dalğadan fərqli olaraq, üçüncü dalğa çərçivəsində keçirilən təlimlər vebinar deyil, seminar formatında təşkil olunacaq.
– Proqramın ikinci mərhələsində təlimləri uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Bu hissədə iştirakçılar seçilmiş mövzular üzrə real məsələlərin araşdırılması, həmin istiqamət üzrə rəqəmsal xidmətlərin vətəndaşlara çatdırılması üzrə (video və ya məqalə formatında) yarışacaqlar.

Müsabiqə üçün 2200 manat məbləğində mükafat fondu təyin olunub. I yerin qalibi – 1 min, II yerin qalibi 700, III yerin qalibi isə 500 manat məbləğində pul mükafatı əldə edəcək.

Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.

İyunun 29-dan etibarən proqramda iştirak üçün qeydiyyat başlayıb. Son müraciət tarixi 6 iyuldur.

Qeydiyyatdan uğurla keçmiş və münsiflər heyəti tərəfindən seçilmiş namizədlərə proqrama seçildikləri və digər məlumatlar barədə e-poçt və telefon üzərindən məlumat veriləcək.

Mission News Theme by Compete Themes.