Bayraqdar.info – Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformaya peşə təhsili üzrə təhsil alanlar üçün yeni elektron xidmət əlavə edilib.
“Təhsilin bərpası” adlı elektron xidməti peşə təhsili müəssisələrində təhsilini yarımçıq saxlayan şəxslərin yenidən təhsilinə davam edə bilməsi məqsədilə yaradılıb. Sözügedən xidmət peşə təhsilinə fasilə verən tələbələrin bərpasını elektron qaydada həyata keçirir.
Xəbər bayraqdar.info-ya iyunun 29-da Təhsil Naziryindən verilib.
Bildirilir ki, xidmətdən istifadə etmək istəyən şəxslər platformada qeydiyyatdan keçdikdən sonra “Təhsilin bərpası” xidmətinə daxil olaraq elektron müraciətlərini göndərə bilərlər.
Daxil edilən məlumatların doğruluğu elektron sistem vasitəsilə yoxlanıldığı və təsdiqini tapdığı təqdirdə, təhsilinə fasilə vermiş şəxs təhsilini davam etdirə biləcək. Sözügedən yeni xidmət peşə təhsili üzrə vahid mərkəzləşmiş elektron idarəetmənin tərkib hissəsidir.
Nazirlikdən o da bildirilib ki, xidmət bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin edəcək.