Press "Enter" to skip to content

Milli Məclisdə bir qrup tanınmış idmançı ilə görüş keçirilib

Bayraqdar.info – İyunun 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəni beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qrupu ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, pandemiya qaydalarına riayət etməklə keçirilən görüşdə idmançıları maraqlandıran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

İdmançıların beynəlxalq yarışlardan çoxsaylı medallarla geri dönməsinin idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsi olduğu qeyd edilib. Millət vəkili bildirib ki, Azərbaycanın medalların sayına görə ön sıralara yüksəlməsi hər bir azərbaycanlını qürurlandırır.

A.Əliyev vurğulayıb ki, Azərbaycan olimpiadaların, beynəlxalq idman yarışlarının ən yüksək səviyyədə keçirildiyi ölkəyə çevrilib. İstər Avropa Oyunlarını, istər IV İslam Həmrəyliyi Oyunlarını, habelə Formula-1 kimi beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan beynəlxalq idman aləmində layiqli yerini tutub.

Görüşdə A.Əliyev WAKO-da dünya və Avropa çempionu olan Amin Quliyevi “İdman ustası” adı alması münasibətilə təbrik edib. O, A.Quliyevin bu ada layiq görülən ən gənc idmançılardan biri olduğunu bildirib.

Görüş iştirakçıları səmimi qəbula görə təşəkkür ediblər.

Sonda iştirakçılara Milli Məclisin Gənclər və idman komitəsinin “Fəxri Fərman”ı təqdim edilib.

Mission News Theme by Compete Themes.