Bayraqdar.info – İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” Qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.
Komitə sədri, işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev “Ali təhsil haqqında” Qanun layihəsinin 9 fəsil, 54 maddədən ibarət olduğunu bildirib.
Xəbər Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.
Xəbərdə deyilir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ekspertlər iştirak ediblər.
Təhsil naziri E.Əmrullayev bu qanun layihəsinin Azərbaycan təhsilinin qarşısında duran vacib məsələləri həll etmək baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
“Azərbaycan ali təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Məqsəd ali təhsilin əlçatanlığının, keyfiyyətli olmasının, bərabər imkanlara söykənməsinin təmin edilməsi, ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı məsələlərin həll olunmasıdır”, – deyə nazir bildirib.
Tədbirdə komitə sədrinin və işçi qrupu rəhbərinin müavini Musa Qasımlı, deputatlardan Ceyhun Məmmədov, Anar İsgəndərov, Etibar Əliyev, Eldar Quliyev, Şahin Seyidzadə iştirak ediblər.
İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, millət vəkilləri Müşfiq Məmmədov, Tamam Cəfərova qanun layihəsi barədə öz qeyd və təkliflərini söyləyiblər.
MM-in xəbərinə görə, Parlamentin Elm və təhsil komitəsinin sədri B.Əliyev, təhsil naziri E.Əmrullayev çıxışlarda səslənən fikirlərə münasibət bildiriblər.
Qeyd edilib ki, müzakirələr zamanı daxil olan təkliflər də nəzərə alınmaqla layihə üzərində iş davam etdiriləcək.
Layihə ilə bağlı QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirələr də nəzərdə tutulub. Qəbul ediləcək qanun ali təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.