Press "Enter" to skip to content

Kəskin bağırsaq infeksiyaları ilə mübarizə – MÜTƏXƏSSİS

Son yeniləmə: 29 İyun 2021 10:39

Elza Qüdrət qızı Orucova – Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis

Kəskin bağırsaq infeksiyaları (KBİ) infeksion xəstəlikər arasında respirator infeksiyalardan sonra II yeri tutan geniş yayılmış patologiyadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tam olmayan məlumatına görə, hər il planetdə onunla 500 milyon xəstə qeydə alınır (lakin “aysberqin görünməyn hissəsi gorünən hissəsindən daha böyükdür”) və 1,5 mln insan bu xəstəliklərdən ölür. Bunun da 75 faizini 10 yaşa qədər uşaqlar təşkil edir. KBİ uşaqlarda və yaşlı şəxslərdə ağır keçir.

Əgər bəzi xəstəliklər (məsələn, qrip) xarici mühit amillərindən asılı olmayaraq yayılır və ona görə kosmopolitdirlərsə, əksinə, bağırsaq infeksiyalarının yayılması əhalinin məişət xüsusiyyətləri və sanitar mədəniyyətinin səviyyəsi ilə sıx bağlıdır.

Diqqət cəlbedici məqam odur ki, bu infeksiyalar digər xəstəliklərdən çox bizim həyatımızı mürəkkəbləşdirir. Həkim-infeksionistə də xüsusi məsuliyyət düşür. Belə ki, bağırsaq infeksiyalarına mübtəla olanlarda xəstəliyin keçiriciliyindən doğan utancaqlıq hissi xarakterdir. İnsanlara öz “yoluxucu” statuslarını yaşamaq isə olduqca ağırdır. Xəstələr üçün bağırsaq problemini yaxın insanlarla belə müzakirə etmək xoşagəlməzdir. Hətta çoxları bu barədə həkimlə danışmaqdan utanırlar. Bir də ki, insan orqanizminin bütün sistemlərindən fərqli olaraq məhz həzm şöbəsi öz ahəngini tez-tez pozur, qanunlara tabe olmur, necə deyərlər, “başayaq” vurur.

Diareya sindromu ilə keçən KBİ-na inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Lakin salmonellozda bu əksinədir. O əsasən iqtisadi cəhətdən inkişaf etməkdə olan iri şəhərlərdə rast gəlindiyinə görə “sivilizasiyanın” xəstəliyi sayılır.

KBİ-nin geniş yayılmasının səbəbləri çoxsaylıdır: kanalizasiya və su təchizatı qurğularında çatışmazlıqlar, sıxlıq, kasıblıq, ümumi mədəniyyət səviyyəsinin aşağı olması, antisanitar şərait, şəxsi gigiyena qaydalarına əməl etməmək.

“Çirkli əllərin xəstəliyi“ adlanan bu infeksiyalar nə ilə səciyyələnir? Əgər teatr asılqandan başlayırsa, KBİ də aid edilməklə infeksion xəstəliklərlə tanışlıq əsas anlayışların müəyyən edilməsindən başlayır. Müasir təbabətdə bu termin altında bakterial, virus və protozoy mənşəli, əsasən bağırsaqların zədələnməsi ilə keçən, diareya sindromu, orqanizmin susuzlaşması və intoksikasiya ilə müşayiət olunan KBİ-nin böyük qrupu anlaşılır. Bu infeksiyalar üçün diareya sindromu səciyyəvidir.

ÜST-ün tövsiyəsinə əsasən toplu anlayış olan bu qrupa 30-dan çox nozoloji forma, o cümlədən şigelloz (dizenteriya və ya “qanlı ishal”), salmonelloz (“çiy yumurta xəstəliyi”) qida toksikioinfeksiyaları (QTİ), vəba, eşerixioz, virus diareyaları, yersinioz, kampilobakterioz, amöbiaz, ləmblioz və s. daxildir. Onların arasında QTİ-nin xüsusi çəkisi daha çox olsa da, ən “zərərsizidir”, ən “təhlükəlisi” isə vəbadır. KBİ-nin törədiciləri müxtəlif infeksion agentlər ola bilər: şigellalar, salmonellalar, vəba vibrionları, yersiniyalar, bağırsaq çöpləri, protey, klebsiella, enterokoklar, rotaviruslar (“bağırsaq qripi”), adenoviruslar, enteroviruslar, candida cinsli göbələklər və s.

İnfeksiya mənbəyi xəstə şəxs və ya infeksiya daşıyıcılarıdır. Ətrafdakılar üçün daha çox təhlükə törədən xəstəliyin yüngül, silinmiş və simptomsuz formalarıdır. Yoluxma mexanizmi fekal-oraldır. Xatırladım ki, rus alimi İ.İvaşençov bu yolla yayılan infeksiyaları “mikrokoprofaqiya”, yəni kiçik miqdarda nəcisin udulması adlandırmışdır (bu yerdə artıq şərhə ehtiyac duyulmur). Yoluxma yolları: əsasən alimentar, su, kontakt-məişət və az hallarda hava-damcı. Yoluxma faktorları: qida məhsulları, su, məişət əşyaları, çirkli əllər, oyuncaqlar və s. Ən təhlükəli yoluxma faktorları: kran suyu, yuyulmamış meyvələr, çiy tərəvəzlər, salatlar, pasterizə olunmamış süd və süd məmulatları, çiy ət, dəniz sovqatları və milçək oturan məhsullar.

Xəstəliyin ötürülməsində həşəratlar (milçək, tarakan) böyük rol oynayır. Qeyd etmək mühümdür ki, milçəyin bədənində 10 mln mikrob yerləşir. Yeməyə qonan milçək “bir oturuma” 30 min dizenteriya bakteriyasını ifraz edə bilər (“milçək mürəbbəyə qondusa, bax bu artıq dizenteriyadır”).

Hazırda KBİ məhz ilin isti aylarında geniş yayıldıgı üçün diqqət mərkəzindədir. Respublikamızda da son 15 il ərzində KBİ ilə xəstələnmə halları artıb. Bu infeksiyalarda mövsümiliyi şərtləndirən amillər mövcuddur: isti iqlimin təsirindən orqanizmin reaktivliyinin dəyişməsi, əhalinin miqrasiyasının artması, bu aylarda milçəklərin artması, meyvə, tərəvəz və göyərtilərin daha çox qəbul edilməsi və s.

Əksər hallarda bağırsaq infeksiyaları qızdırma və ümumi intoksikasiyanın digər təzahürləri (bədəndə əzginlik, ümumi zəflik, sümük, əzələ və oynaq ağrıları, baş ağrısı, yuxu pozğunluğu, iştahanın azalması) və bağırsaq sindromu (ürəkbulanma, qusma, qarında ağrı, ishal, bəzən meteorizm) ilə qəfləti başlayır. İshal dedikdə, sutkada 2 dəfədən çox tezləşmiş duru nəsis ifrazatı başa düşülür. KBİ yüngül mədə-bağırsaq pozuntusundan ağır vəziyyətə (“ağırlıq işarədir, ölüm faizini yüksəldən işarədir”) qədər bir neçə saat ərzində orqanizmin tam susuzlaşması ilə ölümlə nəticələnə bilər. Ölümün əsas səbəbləri infeksion-toksiki şok, dehidratasiya şoku, mezenterial və ağ ciyər damarlarıın trombozu, pnevmoniya, kəskin böyrək və proqresivləşən ürək çatışmazlığıdır.

Qusma və ishaldan qorxmaq lazım deyil, belə ki, orqanizm daxilə düşən mikroblardan, toksinlərdən qorunur və xilas olur. Ona gorə də xəstəliyin ilk günü ərzində qusma və ishala qarşı hər hansı bir antidiareya vasitəsini qəbul etmək tövsiyə olunmur. KBİ-in müalicəsinin əsasını rehidratasiya terapiyası təşkil edir. Antibiotiklərin qəbulu haqda zəruriliyə yalnız həkim qərar verə bilər – hər ehtimala qarşı təyin edilə bilməz. Çünki “antibotiklər güclüdürlər, lakin hər şeyə qadir deyillər”. Onlara xəstəliyə xas əlamətlər meydana çıxdıqda, xüsusilə hərarət qalxdıqda və nəcisdə selik və qan aşkar edildikdə mütləq müraciət edilməlidir.

Qeyd etmək mühümdür ki, KBİ-in diaqnozu etioloji deyil, sindromal səciyyə daşımalıdır. Əks təqdirdə bu, diaqnozu ləngidir. KBİ ilə kəskin cərrahi, terapevtik, ginekoloji və digər qeyri-infeksion xəstəliklər arasında oxşar simptomların mövcudluğu kəskin appendisit, bağırsaq keçməzliyi, ürək infarktı və s. xəstəliklərin geçikmiş diaqnozuna gətirib çıxara bilər.

Nəhayət, KBİ ilə yoluxmadan necə qorunmalı? “İnfeksion xəstəliklərin qarşısı daha yaxşı alınır, nəinki onu müalicə etmək” kimi təbabətin qızıl qaydasını hər kəs bilir, hörmət bəsləyir, amma buna riayət edən az olur. Ta əvvəldən də şəxsi gigiyena vərdişlərinin mahiyyəti sadə bir düsturda təsvir edilmişdir: “təmizlik saglamlıgın rəhnidir”. İnsanlara profilaktik biliklərin aktiv axtarışı ilə məşğul olmaq xas deyil. Onlar yaşayırlar, lakin fikirləşmirlər ki, xəstələnə bilərlər. Rus deyimi var: “ildırım çaxmayınca, kəndli xaç çəkmir”.

KBİ-nin profilaktikasında sanitar-gigienik tədbirlər, o cümlədən şəxsi gigiyena vərdişləri, xüsusilə səyahət zamanı (“səyyah diareyası”) gözlənilməlidir. Xəstəliklərə qarşı mübarizədə praktik gigiyenanın böyük əhəmiyyəti var. Məsələn, bu sayaq ideal gigiyena Finlandiyada hökm sürür (hər bir ailə üzvü üçün ayrıca sanitar qovşağı, vanna otağı, birdəfəlik məhraba). Bu baxımdan heç də təəccüblü deyil ki, bu ölkə bağırsaq infeksiyalarını tanımır.

ÜST bağırsaq infeksiyaları ilə xəstələnməni minimuma endirən 10 “qızıl” profilaktik qayda təqdim etmişdir:

1) zərərsiz qida məhsullarını seçin və onların yararlılıq müddətinə fikir verin;
2) qidanı diqqətlə hazırlayın;
3) hazırlanmış qidanı mümkün olduğu qədər tez qəbul edin;
4) qida məhsullarını diqqətlə qoruyun (hazır yeməyi otaq t-da 2 saatdan artıq, hətta soyuducuda uzun müddət saxlamamaq;
5) əvvəldən hazırlanmış qidanı diqqətlə qızdırın;
6) əllərinizi tez-tez və yeməkdən əvvəl isə mütləq yuyun;
7) çiy məhsullarla hazır qida məhsullarının kontaktı yolverilməzdir;
8) mətbəx həmişə ideal təmiz olmalıdır;
9) qida məhsullarını həşəratlardan, gəmiricilərdən qoruyun;
10) yalnız keyfiyyətli təmiz sudan istifadə edin.

Sonda belə bir maraqlı qaydanı tövsiyə etmək olar: 2 – 2 – 4. Bu o deməkdir ki, 2 saatdan artıq yeməyi saxlamayın, soyuducunun konteynerində 2 düym dərinliyində soyudun, qida qalığını 4 günə kimi istifadə edin və ya dondurun.

Mission News Theme by Compete Themes.