Son yeniləmə: 28 İyun 2021 19:07
Bayraqdar.info – “Ötən il 44 günlük Vətən müharibəsindəki şücaət Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və humanistliyini bir daha bütün dünyaya göstərdi. Bu müharibədə bir daha təsdiqləndi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
General bildirib ki, bu gün Azərbaycan istənilən vəzifəni icra edə bilən güclü ordu yaradıb: “Bu sırada ordunun müasir texnika ilə təchizatını, döyüş potensialının gücləndirilməsini, müntəzəm olaraq keçirilmiş təlimləri, hərbi sənayenin yaradılmasını və s. qeyd etməliyik. Bütün bunlar qardaş Azərbaycanda ordu quruculuğu istiqamətində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsi idi”.
Y.Karauz bu siyasətin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib: “Öz növbəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən dövrdə bu ordunu dünyanın ən mütəşəkkil silahlı qüvvələri sırasına yüksəltməklə Azərbaycanı nurlu bir yola çıxarda bildi. Bu günlər öz bayramını qeyd edən, əcdadlarımızın 103 il əvvəl yaratdığı Azərbaycan Silahlı Qüvvələri hər birimizin qürur yeri, iftixar mənbəyidir. Bir sözlə, 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Gününün zəfərlə qeyd edilməsinin təməlində məhz yüksək ordu quruculuğu siyasəti dayanır”.
“Onu da deyim ki, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə Türkiyə üçün də əbədi zəfərdir”, – deyə Türkiyəli general sonda əlavə edib.