Press "Enter" to skip to content

Dövlət Film Fondu qiymətli arxiv materialları əldə edib

Bayraqdar.info – Şəxsi mənbələrdən daxil olan kinoxronika materiallarının araşdırılması zamanı rejissor Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid bir fraqment aşkar edilib.

Azərbaycan Dövlət Film Fondundan bayraqdar.info-ya bildirilib ki, 1928-ci ildə çəkilmiş filmin kino lenti bu günə gəlib çatmayıb. Buna görə də Fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş “Azərbaycanda kino sənəti” kitabını əsas götürərək araşdırma aparıblar. Məlum olub ki, kitabın 16-cı səhifəsində filmin baş rolunun ifaçısı Mirzəağa Əliyevin Hacı Qara obrazında fotosu əks olunub.

Foto və videokadrlar müqayisə edilib. Kino lentinin texniki xüsusiyyətləri Fondun mütəxəssislərində tam əminlik yaradıb ki, aşkarlanan və kino lentindən köçürülərək rəqəmsallaşdırılan 38 saniyəlik epizod “Hacı Qara” filminə aiddir. Qeyd edilir ki, bu epizodun bu günədək bir neçə fotodan başqa heç bir görüntüsü mövcud deyil.

Fond filmdən həmin parçanı və kitabın həmin səhifəsini oxuculara təqdim edib.

Fonddan o da bildirilib ki, filmin quruluşçu rejissoru A.M.Şərifzadə, senari müəllifi Cəfər Cabbarlı, operatoru İvan Tartakovskidir.

Rollarda Mirzəağa Əliyev, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Mərziyə Davudova, Hacıağa Abbasov, Əzizə Məmmədova və başqa aktyorlar çəkiliblər.

Mission News Theme by Compete Themes.