Bayraqdar.info – Son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb. Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğın baş verməsinin əsas səbəblərindəndir.
Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır. İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir.
Xəbər bayraqdar.info-ya iyunun 29-da Baş Prokurorluqdan verilib.
Baş Prokurorluq xəbərdarlıq edir ki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Xəbərə sözardı: Sözün düzü, bu məsələ tək bizi deyil, ümumilikdə şəhər sakinlərini düşündürən məsələdir. 2020-ci ildə Bakının Yasamal rayonunun keçmiş “Sovetski” adlanan məhəlləsində bir həyət evində yanğın hadisəsi baş verdi. Tüstü və alov məhəlləni bürümüşdü.Yanğını söndürmək üçün yanğınsöndürən maşınlar küçəyə daxil ola bilmədiər. Bir neçə yerdən yanğın baş verən yerə yaxınlaşmağa cəhd edildi, lakin heç cür mümkün olmadı. Ev tamamilə yanıb qurtardı.
Xoşbəxtlikdən hadisə heç bir insan xəsarəti ilə nəticələnmədi. Lakin evin yanması ev sahibinə və yaxınlıqdakı evlərə də zərər verdi. Yanğınsöndürən avtomobillərin hadisə yerinə gedib çıxa bilməməsinin yeganə səbəbi isə məhəllələrdə qapıların ağzına küçə boyu düzülmüş avtomobillər oldu.
Hamımız bilirik ki, yanğınsönsürən maşınlar enli olur. Onlar küçəyə daxil olarkən rahat hərəkət etmək imkanına malik olmalıdırlar. Lakin küçələrdə hərənin öz qapısı ağzında saxladığı avtomobillərin ucbatından hadisə yerinə gedib çıxa bilməyən yanğınsöndürənlər çox pis vəziyyətdə qaldılar. Mən buna şahidəm. Sonra da yanğınsöndürənin gəlib çıxmamasından narazılıq edirik.
Bu məsələnin həlli avtomobillər üçün münasib qiymətə parketmə yerlərinin yaradılmasıdır. İnsanlardan soruşanda ki, avtomobili nə üçün parketmə yerində saxlamır, deyirlər ki, bahadır.
Məncə, Bakı Nəqliyyat Agentliyi bu məsələni bir daha dqqətdən keçirməlidir. Bu məsələ cərimə ilə həll ediləcəkmi? Bax, bu, sual altıdadır.