Bayraqdar.info – İyunun 24-25-də Baş Prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərinə səfər edib.
Prokurorluq əməkdaşları “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
Bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən veriblər.
Məlumatda bildirilir ki, konfrans Belarus Respublikası İstintaq Komitəsinin yaradılmasının 10 illiyi və Komitənin ixtisasartırma və peşə hazırlığı institutunun yaradılmasının ildönümü ilə əlaqədar düzənlənib.
Konfransın gedişində Baş prokurorun birinci müavini çıxış edərək prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi barədə geniş məlumat verib. Çıxış zamanı iştirakçılara “Azərbaycan Respublikası timsalında prokurorluq işçilərinin peşə hazırlığı sahəsində müasir tendensiyalar” adlı elmi məqalə təqdim edilb.
Məqalə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mövzuya dair suallar ətraflı cavablandırılıb.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Belarus Respublikası İstintaq Komitəsinin sədri Dmitriy Qora arasında görüş keçirilib. İki ölkə arasında formalaşmış zəngin tarixə malik və ilbəil daha da dərinləşən münasibətlər diqqətə çatdırılıb. Həm də hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Məlumatda deyilir ki, nümayəndə heyəti Belarusun Baş Prokuroru Andrey Şved tərəfindən qəbul edilib. Görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanıb. İkitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi və səmərəli hüquqi əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə olunub.
Bundan başqa, nümayəndə heyəti konfransda iştirak edən bir sıra ölkələrin nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib.