Bayraqdar.info – İyunun 29-da Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində ilk sığorta ödənişi həyata keçirilib. Ödəniş Göygöl rayonunun Üçtəpə kəndində fermer Bəhruz Mustafaya məxsus olan heyvandarlıq təsərrüfatına edilib.
Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərə görə, adıçəkilən fermerin təsərrüfatında sığortalanmış “Simmental” cinsli inək xəstəlik səbəbindən məcburi kəsimə cəlb edilib. Sığorta hadisəsi ilə bağlı sahibkar Aqrar Sığorta Fonduna müraciət edib. Müraciət araşdırılıb və Fondun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib.
3 min 19 manat məbləğində sığorta ödənişi fermer B.Mustafanın bank hesabına köçürülüb.
Bundan başqa, təsərrüfatın sahibi məcburi kəsimə verilən inəyin istifadəyə yararlı ətinin satışından da gəlir əldə edib.
Fermer B.Mustafaya məxsus təsərrüfatda 70 baş mal-qara dövlət dəstəyi ilə güzəştli aqrar sığorta çərivəsində sığortalanıb.
Tədbirdə ASF tərəfindən fermerə simvolik ödəniş çeki də təqdim edilib.
Nazirlikdən o da bildirilib ki, iyunun 29-da həmçinin Göygöl rayonunda fermerlərlə görüş də keçirilib.
Tədbirdə Aqrar Sığorta Fondunun rəhbərliyi, yerli icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin nümayəndələri, Göygöl və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak edib.
ASF-nin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Onun sözlərinə görə, indiyədək aqrar sığorta çərçivəsində ümumilikdə 1,7 milyon manatdan artıq sığorta haqqı toplanılıb. Bu məbləğdən 1,2 milyon manat heyvandarlıq, 500 min manat isə bitkiçilik sektorundan toplanıb.
İyun ayına olan məlumata görə, indiyədək 2 min 100-ə yaxın mal-qara və 11,2 min hektar əkin sahəsi sığortalanıb. Ən çox sığortalanan əkinlər buğda, pambıq, arpa və üzüm sahələridir.
Xatırladılır ki, hazırda ASF tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır.
Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə 14-dən 40-a qaldırılacaq.
Nazirlik bildirir ki, fermerlər və sahibkarlar ASF və aqrar sığorta sisteminə daxil olan şirkətlərə müraciət etməklə təsərrüfatlarını sığortalaya bilərlər.