Press "Enter" to skip to content

“Tovuzçay nekropolu” kitabı nəşr olunub

Bayraqdar.info – AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, professor Nəcəf Müseyiblinin, tarix üzrə fəlsəfə doktorları Şamil Nəcəfov və Müzəffər Hüseynovun həmmüəllifləri olduqları “Tovuzçay nekropolu” adlı kitab nəşr olunub. Kitab Son Tunc – İlk Dəmir dövrünə aid (e.ə. II minilliyin ikinci yarısı – I minilliyin əvvəli) I Tovuzçay nekropolunda aparılan arxeoloji qazıntıların nəticələrindən bəhs edir.

Xəbər bayraqdar.info-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Xəbərdə deyilir ki, nekropolda qazıntılar 2004-2005-ci illərdə müəyyən fasilələrlə aparılıb. Tədqiqatlar Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin tikintisi ilə əlaqədar marşrutdakı arxeoloji abidələrin öyrənilməsi proqramına uyğun olaraq həyata keçirilib.

Nekropolun “I Tovuzçay” adlandırılması eyni dövrə aid yeni nekropolun (II Tovuzçay nekropolu) aşkar edilməsi ilə bağlıdır. 2014-cü ildə Cənubi Qafqaz qaz kəmərinin tikintisi zamanı boru marşrutunun Tovuzçay hövzəsindən keçən hissəsində bu nekropol aşkarlanıb.

Tovuz rayonunun Bozalqanlı və Əlimərdanlı kəndləri arasında, Tovuzçayın hündür sol sahilində yerləşən I Tovuzçay nekropolunun boru kəmərləri dəhlizinə düşən hissəsində aparılmış arxeoloji qazıntı işləri zamanı 109 qəbir abidəsi qazılıb.

Ümumilikdə, I Tovuzçay nekropolundakı 109 qəbrin 83-ü kitabın müəlliflərinin rəhbərliyi ilə tədqiq edilib. Kitabda məhz müəlliflərin bilavasitə rəhbərliyi ilə qazılıb tədqiq olunan qəbirlər əsasında I Tovuzçay nekropolunun xüsusiyyətləri araşdırılıb. Abidənin xarakteri, hövzənin qədim sakinlərinin dini ideologiyası əsasında formalaşmış dəfn adətləri müəyyən edilib və qəbirlərdən tapılmış çoxsaylı artefaktlar müqaisəli şəkildə təhlil olunub.

Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid bu qəbirlərdə maraqlı dəfn adətləri öyrənilib, zəngin materiallar – saxsı qablar, metaldan məişət əşyaları, bəzəklər və silahlar, müxtəlif materiallardan muncuqlar və s. aşkar edilib.

Qeyd edilir ki, kitab arxeoloqlar, antropoloqlar, ali məktəblərin tarix fakültələrinin tələbələri və müəllimləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.