Press "Enter" to skip to content

Sadəcə hərbiçi deyil, həm də hərbi siyasətçi – VİDEO

Ötən gün müdafiə naziri Zakir Həsənovun iki ayrı müsahibəsinə baxmışam. Birincisi daha öncə rus dilində CBC TV-də yayımlanmış müsahibə idi. Həmkarım Sənan Rzayev göndərmişdi. Bəlli ki, yayın bu istisində bəzən çox önəmli TV verilişlərini izləyə bilmirik. O baxımdan bu müsahibəni də qaçırmışdım. Həmkarım sağ olsun ki, mənim ona mütləq baxmaq istəyəcəyimi nəzərə alaraq xəbər vermişdi.

İkinci müsahibəni isə Real TV-də Mirşahin təqdim elədi. Öncədən sosial mediada anons verildiyi üçün bazar axşamı oturub “Mirşahinin vaxtı”na baxdım. Veriliş öz yerində, hər şey əladı. Amma sonda yenə də Z.Həsənovun müsahibəsi verildi, həvəslə baxdım. Bir qədər uzundu, lakin yorucu deyildi. 44 günlük Vətən savaşı, ümumiyyətlə isə Azərbaycanın hərbi-strateji məsələlərilə bağlı olduqca gərəkli söhbət aparıldı.

İstər CBC TV-dəki, istərsə də Real TV-dəki müsahibəyə həvəslə baxdım. Həm də diqqətlə dinlədim. Çünki ictimai-siyasi informasiya sektorunda uzun illərdir işləyən, özəlliklə də Azərbaycana kənardan – beynəlxalq platformalardan baxmağı bacaran biri kimi bu müsahibələrdə deyilənlər şəxsim üçün olduqca önəmli idi.

Biz savaşı udmuşuq. Daha doğrusu, döyüş meydanında işğalçı Ermənistanla üz-üzə gəlib kişi kimi qan və can bahasına torpaqlarımızı azad etmişik. Bu, məsələnin bir tərəfidir.

Digər tərəfi isə siyasidir. Rəsmiləşdirdiyimiz qələbəmizi dünyaya həzm etdirmək, əbədiləşdirmək və haqlı olduğumuzu sonadək sübut etmək artıq siyasət məsələsidir. Silahlar lazım olanı edib, nəticə var. Qalan iş isə siyasətdir.

Siyasət məsələsini, söz yox ki, ən uyğun və ən uğurlu şəkildə Müzəffər Ali Baş Komandan İlham Əliyev həll edir. İstər şəxsən özü, istərsə də verdiyi tapşırıqlar, göstərdiyi yollarla hərəkət edən vəzifəli şəxslər, istərsə də bizim kimi ictimai rəy generatorları bir an belə boş durmuruq. Anlayırıq ki, azacıq boşluq buraxsaq Ermənistan oranı saxta informasiya ilə doldurub başağrısı verəcək. Ona görə də Prezidentimizlə birgə biz də vətəndaş həssaslığı və sayıqlığımızı davam etdiririk.

Belə bir durumda ordunun başında duran vəzifəli şəxsin fikirləri də gərəklidir və yerinə düşür. O baxımdan qeyd olunan müsahibələrə maraq və həvəslə baxdım.

Bu müsahibələrə həm də ona görə belə həvəslə baxdım ki, istər savaş günlərində, istərsə də ondan sonra bir qrup şəxs Z.Həsənovun guya proseslərdən kənar tutulduğunu, hətta cəzalandırıldığını iddia edirdi. Açığı, şəxsən mənim ağlıma batmasa da bu məsələyə aydınlıq gətirilməsinə zərurət duyurdum.

O baxımdan müdafiə nazirinin müsahibələri lap yerinə düşdü. Özü də 26 İyun Azərbaycan Silahlı Qüvvələri Gününə təsadüf etməsi əlavə güc qatdı bu müsahibələrə. Çünki o gün hər kəsin, hətta bizə qarşı olanların da diqqəti ordumuzun, onun rəhbərliyinin, Ali Baş Komandanın üzərində idi.

Müsahibələrdə nələrdən danışıldığını xırdalamaq istəmirəm. Sadəcə tövsiyə edərdim ki, baxmayanlar baxsın. Baxsın ki, Azərbaycan ordusunun savaş günlərində necə idarə edildiyini tam təsəvvür edə bilsin. Eyni zamanda qardaş Türkiyə və Pakistanın bizim üçün nələr etdiyini, necə etdiyini anlamaq istəyənlər də müsahibələrdə suallarına cavab tapacaqlar.

Şəxsən məni bu müsahibələrin siyasi tərəfi maraqlandırırdı. Z.Həsənovun müsahibələrinə əvvəllər də baxmışam. Ayrı-ayrı çıxış və ya davranışlarını da müşahidə etmişəm. Amma nəzərə alaq ki, savaş sonrası bu qədər geniş və ayrıntılı müsahibə ilk dəfə idi və savaşdan sonra çox adamın eşitmək istədikləri vardı. Elə mənim də. Həm də müdafiə nazirinin dilindən.

Müsahibələrdən çox razı qaldım. Həm də sevindim.

Sevindim ki, ölkəmizin Müdafiə Nazirliyinə həm də siyasəti bilən çox savadlı bir peşəkar hərbiçi başçılıq edir. Bəli, məhz belə.

Z.Həsənov müsahibəsində olduqca incə şəkildə Azərbaycan hərbi sektorunun həm də siyasi tərəflərinə toxundu. Lakin heç bir sirr açmadan. Yaxud da bayağı “-pərvərlik” etmədən. Öz işindən danışdı. Ölkənin hərbi sahəsindən danışdı. Qarabağdakı azadlıq savaşından danışdı. Üstəlik də bütün bunları siyasi dildə çox gözəl izah etdi.

Sözümüzün canı odur ki, müdafiə naziri bu müsahibələrlə xeyli açıq suallara cavab vermiş oldu. Eyni zamanda sadəcə bir hərbiçi deyil, həm də hərbiçi-siyasətçi olduğunu göstərdi. Bu isə o deməkdir ki, hazırda rəhbəri olduğu sahə üçün olduqca uyğun birisidir. Həm Azərbaycan ordu sistemini və dövlət siyasətini yaxşı bilir, həm də dünyada bu yöndə baş verənləri yetərincə təhlil bacarığı var. Eyni zamanda akademik səviyyəsi də yetərincə yüksəkdir. Və ən önəmlisi, savaş günlərində bütün proseslərin idarə edilməsində Ali Baş Komandanla məsləhətli şəkildə yorulmadan iştirak etməsidir. Bunu da onun müsahibələrindən anlamış olduq.

Sonda istər S.Rzayev, istərsə də Mirşahinə bu müsahibələrə görə bir vətəndaş olaraq təşəkkür etmək istərdim. Bəzən cəmiyyətin belə söhbətlərə həqiqətən də çox ciddi ehtiyacı olur. Bu söhbətlər isə o qədər qaranlıq məsələlərə aydınlıq gətirir ki…

Mission News Theme by Compete Themes.