Bayraqdar.info – İyunun 28-də futbol üzrə Avropa çempionatının səkkizdə bir final mərhələsinin daha iki qarşılaşması keçiriləcək.
AFFA xəbər verir ki, günün birinci qarşılaşması Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki “Parken” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Türkiyəli FIFA hakimi Cüneyt Çakır idarə edəcək.
Günün sonuncu görüşündə isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcək. Buxarestdəki “Milli Arena”da gerçəkləşəcək görüşün baş hakimi Argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa-İsveçrə və Xorvatiya-İspaniya oyunlarının qalibləri dörddə bir finalda rəqib olacaq.
Səkkizdə bir final mərhələsinin iyunun 29-da oynanılacaq son iki qarşılaşmasında İngiltərə seçməsi Almaniya, İsveç millisi isə Ukrayna ilə üz-üzə gələcək.
AFFA-dan onu da qeyd ediblər ki, dörddə bir final mərhələsinin dörd iştirakçısı artıq müəyyənləşib.
İyulun 2-də Münxendə Belçika və İtaliya milliləri qarşılaşacaq. İyulun 3-də Bakıda keçiriləcək oyunda isə Çexiya və Danimarka milliləri görüşəcək.