Son yeniləmə: 26 İyun 2021 09:34
İllər keçdi, o günün həsrətinə son qoyuldu. Azərbaycan müstəqilliyini qazanmasından keçən 30-cu ildə nəhayət ki, qalib ölkə kimi Milli Ordu Gününü qeyd edə bildi. Bu gün o Gündür!
26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Düz 103 il əvvəl – 1918-ci ilin bu günü yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti həm də milli ordu quruculuğuna məhz bu gün qərar vermişdi. Əlbəttə, ona qədər də döyüşən, milləti, yeni qurulmuş Cümhuriyyəti qoruyan əli silahlı, başı papaqlı kişilər vardı. Amma bütün bunların vahid nizami ordu halına gətirilməsi məhz 26 iyun 1918-ci ilə təsadüf edir.
103 il az deyil. Bu dönəm ərzində Cümhruiyyətin cəmi 23 ayını çıxsaq yerdə qalan illər ərzində Azərbaycan Silahlı Qüvvələri Günü əvvəl ümumiyyətlə qeyd edilməyib. Sovetlər dönəmində. Sonra – müstəqillik dönəmində isə paradlarla belə qeyd edilib. Amma içimizdə bir sınıqlıqla. Çünki Vətən torpaqları Ermənistanın işğalı altında olub.
Bununla belə hər keçən gün Azərbaycan insanı bu möhtəşəm ordunun çox tezliklə Vətən torpaqlarını işğaldan azad edəcəyinə inanıb. Çünki dövlət, onun rəhbəri yorulmadan ordunu çağdaş tələblərə uyğun qurur, digər tərəfdə də diplomatik masa arxasında gərəkli altyapının təmin edilməsinə çalışırdı. Ona görə də işin içində olanlar açıq şəkildə əmin idilər ki, çox yaxında bu ordu bu Zəfəri Azərbaycan xalqına bəxş edəcək!
Hələ hər kəs çox uzaqda olmayan Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr edilmiş o möhtəşəm paradı xatırlayır. Cəmi 3 il öncə idi. Onun ardından da Bakının erməni-daşnak-bolşevik-rus törtöküntülərindən azad edilməsinin 100 illiyi qeyd edilmişdi. O da möhtəşəm paradla tarixə yazılmışdı.
2018-ci ildə keçirilmiş o paradların hər ikisində Türkiyə əsgəri Azərbaycan əsgərilə, Türkiyə Cümhurbaşqanı Azərbaycan Prezidenti ilə çiyin-çiyinə idi. Ağlı kəsən adamlar onda hesabını almış, bunun nəyinsə xəbərçisi olduğunu kəsdirmişdi.
Hələ biz onu da xatırlayırıq ki, o möhtəşəm paradda 2016-cı ilin 4 günlük aprel savaşında azad edilmiş Lələtəpəyə sancılmış bayraq da meydana gətirilmişdi. Onda Ali Baş Komandan İlham Əliyev əminlik və qətiyyətlə demişdi ki, çox az müddət sonra bu meydanda Şuşaya sancılmış qələbə bayrağı eyni qaydada təqdim ediləcək!
Adam nə dediyini, niyə dediyini çox dəqiq hesablamışdı!
Cəmi 2 il sonra Şuşaya sancılmış Qələbə Bayrağı artıq Bakının “Azadlıq” Meydanında – Zəfər Paradında rəsmi keçiddə idi! 2020-ci il, dekabrın 10-da Bakıda düzənlənən bu parad bütün dünyaya Azərbaycanın hərbi gücünü nümayiş etdirdi. Həm də müzəffər hərbi gücünü!
İndi biz qalibik! Torpaqlarımızı – ən əsası da Şuşamızı işğalçı Ermənistanın əlindən almışıq. Özü də canlar verərək, qanlar axıdaraq. Azərbaycan əsgəri kişi kimi vuruşaraq – şəhid və qazi olaraq o torpaqları düşmənin əlindən alıb!
Azərbaycan Ordusu özünün 103-cü ilində artıq dünyanın ən aparıcı ölkələrinin diqqətini cəlb edən ordudur. İndi bizim ordumuzla hətta NATO üzvü olan ən qüdrətli dövlətlər belə maraqlanır. Onlar 44 günlük Vətən savaşında bir möcüzə kimi qələbə çalımış Ordumuzun bu başarısını öyrəndikcə öyrənir, təhlil edib tətbiqi üçün çalışırlar.
Azərbaycan və onun Müzəffər Ordusu indi bir modeldir, örnəkdir dünya üçün.
Bütün bunlar nəyin və kimin zəkasının məhsuludur? Necə oldu ki, bir zamanlar pərən-pərən səpələnmiş qeyri-nizami dəstələrdən ibarət olan bu qüvvə günümüzdə dünya üçün örnək sayıla biləcək ən nizamlı və ən bacarıqlı ordu halına gəldi?
Vardır bunun bir sirri!
O sirr Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəkasıdır!
İlham Əliyev ötən illər ərzində çox təmkin və ustalıqla Azərbaycan Ordusunun bugünkü Müzəffər hala gəlməsi üçün çalışdı. Sakitcə elədi bu işi. Hay-küysüz, bayağı təbliğatsız. İşğalçı Ermənistan sağda-solda qalib ədasıyla boy göstərəndə İlham Əliyev təmkinini belə pozmadan rahat-rahat o möhtəşəm Zəfəri yaxınlaşdırmaqda idi.
Biz onu da xatırlayırıq ki, içimizdəki bəzi yarımqafalılar (çox zaman adi əsgərlik belə görməyənlər) İlham Əliyevi Şuşanı, Xankəndini vurmağa çağırırdılar. Ən adi məişət səviyyəli bir məsələ olan kimi bu cırtqozlar, “Ali Baş Komandan, Şuşanı vur deyirəm sənə!” deyib isti kürsülərindən boy verirdilər. Sanki bunların o yarımçıq qafaları İlham Əliyevin üstün dövlət zəkasından daha irəlidir…
İlham Əliyevsə, öz sözüylə desək, nəyi nə vaxt etməyi hamımızdan – bəli, hamımızdan! – yaxşı bilirdi və indi də bilir! Ona görə də ani həzz naminə hazırlıqsız döyüşə girmədi, vaxtını gözlədi, tam hazır oldu və əminliklə döyüşə girib qısa bir müddət içində Zəfəri təmin etdi!
Qarabağın işğaldan azad edilməsinin sirri budur işdə! İlham Əliyevin Ali Baş Komandan və dövlət rəhbəri zəkası!
Ordu günümüzdür. İndi kişilərimizi, özəlliklə də 44 günlük savaşı keçmiş igidlərimizi ürəklə təbrik edə bilərik. Hələ ən böyük təbriklər bu savaşda can parçalarını fəda etmiş ata-analaradır. Onlar Vətən üçün ən əzizlərini rahat-rahat qurban verib başımızı uca etdilər!
Qazilərimiz də eyni dərəcədə təbrikə haqqı çatanların önündə gedir. Eləcə də o savaşda bu və ya digər şəkildə az da olsa əməyi keçən hər kəs!
Bayramınız – bayramımız qutlu olsun! Bizi irəlidə çox böyük işlər gözləyir. Səfərbərlik davam edir yəni!